İpoteka əvəzinə formal alqı-satqı: Kredit almağın yeni fırıldaqçılığı

Son illərdə daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin bir hissəsi borc münasibətlərinin formal alqı-satqı müqavilələri ilə rəsmiləşdirilməsindən qaynaqlanır. Bəzən şəxslər ipoteka və ya girov kimi qanuni təminat mexanizmlərindən istifadə etmək əvəzinə, ev və ya torpaq sahəsini formal olaraq digər şəxsin adına keçirirlər. Bu prosesin hər hansısa problem yaradıb-yaratmaması isə sual yaradır.
Vətəndaşlar niyə ipoteka əvəzinə formal alqı-satqı yolunu seçirlər? Bu üsul daha çox hansı hallarda tətbiq olunur?
Məsələ ilə bağlı daşınmaz əmlak eksperti Elnur Azadov Sfera.az-a açıqlama verib.
O da bu prosesin baş verdiyini təsdiqləyərək bir neçə nümunə açıqlayıb:
“Bəli, müxtəlif belə hallar olur. Məsələn, əmlakı ipotekaya yükləyirlər, hər hansı bir qohumun əmlakına yönəldirlər. Yaxud da qohumluq və ya dostluq münasibətləri olan şəxsin əmlakını ipoteka formasında alırlar, həmin əmlak qarşılığında vəsait götürərək hər hansı bir biznesə yönəldirlər. Əslində, belə hallar olur. Bəzi hallarda vətəndaşları qanunu dolayısı yolla formal hərəkətlərə, qeyri-leqal addımlar atmağa məcbur edirlər. Yəni hallar hər dəfə fərqli olur və biz bunun səbəbini hər zaman dəqiq bilə bilmirik. Ona görə də bu barədə geniş məlumat vermək çətindir”.

Ekspert bu halların kredit təşkilatları tərəfindən araşdırıldığını bildirib:
“Sözsüz ki, risklər yenə də mövcuddur. Bununla bağlı xoşagəlməz hadisələr çox olur. Məsələn, əmlakın girov qoyulması, alternativ girov təqdim edilməsi və digər məsələlərlə bağlı. Məsələn, son illər ərzində, təxminən 2021-ci ildən etibarən banklar arasında rəqabət çox artmışdı və daxili kreditlərin, eləcə də ipotekaların həcmi genişlənmişdi. Daxili ipoteka üçün vətəndaş müraciət edirdisə, lakin öz adına əmlakı yox idisə, bir çox hallarda digər şəxsin etibarnaməsindən istifadə edərək həmin əmlakı girov qoyurdular. Sonradan isə müəyyən hallarda girovla bağlı problemlər yaranırdı. Bəzən şəxs həmin əmlakı qohumundan və ya ailə üzvündən müvəqqəti istifadə üçün götürürdü, bu da sonradan mübahisəli vəziyyətlərə çevrilirdi. Bəli, belə hallar çoxdur. Daha çox, qeyd etdiyim kimi, özəl banklar tərəfindən verilən daxili ipotekalarda bu cür hallara rast gəlinib”.
Bəsti Rəfizadə

