Banklar plastik kartlarla kreditləri azaldır - Səbəb nədir?

Plastik kartlarla ayrılan kreditlərin həcmində azalma müşahidə edilir. 2024-cü ildə əhalinin banklara kredit kartları üzrə borcu maksimum həddə çatmışdı. Həmin ilin sonunda kredit kartları üzrə borc 1,347 milyard manat dəyərində olmuşdu. Bu ilin mayında isə kredit kartları üzrə borcların məbləği 1,244 milyard manata geriləyib.
Maraqlıdır azalma nə ilə izah oluna bilər? Bu cür kreditlərə tələb azalıb, yoxsa banklar nağd kreditlərdə daha maraqlıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, kredit kartları ilə bağlı borc portfelində müşahidə olunan azalma bir səbəblə bağlı deyil.
Onun sözlərinə görə, bunu bir neçə faktorun eyni vaxtda təsiri ilə izah etmək olar:
“İlk növbədə qeyd eləmək lazımdır ki, 2024-cü ildə kredit kartları üzrə borcun rekord həddə çatması əhalinin istehlak xərclərinin artması və inflyasiya şəraitində kart limitlərindən daha intensiv istifadə etməsi ilə bağlıdır. 2025-ci ildən etibarən isə bu borcların müəyyən hissəsinin ödənilməsi və yeni istifadənin nisbətən zəifləməsi ümumi portfelin azalmasına gətirib çıxartdı.
Bundan başqa, düşünürəm, başqa bir faktor da bankların, deməli, risk siyasəti ilə bağlıdır. Bu son dövrlərdə banklar kredit kartları üzrə limitlərin ayrılmasına və artırılmasına daha ehtiyatla yanaşmağa başlayıblar. Mərkəzi Bankın da bununla bağlı yeni qaydaları tətbiq olunmağa başladı. Çünki təminatsız istehlak kreditləri, o cümlədən kredit kartları üzrə risk səviyyəsi daha yüksək hesab olunur mənim fikrimcə. Bu səbəbdən də bəzi banklar müştərinin ödəmə qabiliyyətini daha ciddi qiymətləndirir və kredit limitlərini daha konservativ şəkildə müəyyən eləməyə, müyyənləşdirməyə çalışırlar”.

Mütəxəssis qeyd edib ki, istehlakçı davranışında da müəyyən dəyişikliklər müşahidə olunmağa başlayıb:
“Faiz xərclərinin artması, maliyyə savadlılığının yüksəlməsi və ailə büdcəsində daha ehtiyatlı yanaşma nəticəsində bəzi vətəndaş kredit kartlarından əvvəlki qədər, əvvəlki kimi aktiv istifadə etmirlər.
Bunun digər səbəblərindən də biri odur ki, maliyyə savadlılığı təsiri nəticəsində kredit kartlarından istifadə edən insanlar var idi ki, alış-veriş etdilər, sonra borclanmaya başladılar və həmin o müştərinin kart istifadəsinə biraz məhdudiyyətlər qoyulmağa başladı. Borc ödəndikdən sonra artıq yeni limit ayrılmadı. Bunun özünün də müəyyən təsiri olmağa başladı. Bankların nağd istehlak kreditlərinin marağın artması da faktorlardan biridir. Nağd kreditlərdə ödəniş qrafiki əvvəlcədən müəyyənləşdirir, kreditin geri qaytarılmasına nəzarət daha asan, rahatlıqla həyata keçirilir. Bir də gəlirlilik modeli də orda daha sabit olur. Buna görə də bəzi banklar məhsul strategiyalarını seçəndə nağd kreditlərini artırmağa üstünlük verirlər”.
A.İbrahimov vurğulayıb ki, kredit kartları üzrə borcların azalmasının başqa bir səbəbi bankların risklərin idarə edilməsində ehtiyatlı mövqe sərgiləməsi ilə əlaqədardır. Onun fikrincə, kredit kartları üzrə borcların azalmasının davam edib-etməyəcəyi əhalinin gəlirlərinin dinamikasından, istehlak aktivliyindən, faiz dərəcələrindən və bankların kredit siyasətindən asılı olacaq.
Firuzə Əliyeva

