​"Tələbələrimiz əmək bazarında sıradan işçi olmayacaq" - Rektordan AÇIQLAMA

​"Tələbələrimiz əmək bazarında sıradan işçi olmayacaq" - Rektordan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Qarabağ Universiteti təkcə kadr hazırlamayacaq, həm də cəmiyyət həyatını kökündən asanlaşdıracaq innovativ elmi həllərin mərkəzinə çevriləcək!”

Bunu Sfera.az-a eksklüziv açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektor ali təhsil ocağının yaxın 5 il üçün nəzərdə tutulan böyük strateji hədəflərini və planlarını açıqlayıb.

Şahin Bayramov universitetin sürətlə inkişaf etdiyini rəqəmlərlə diqqətə çatdırıb:

“Qarabağ Universiteti inanılmaz bir sürətlə böyüyür. Biz fəaliyyətə başladığımız ilk tədris ilində 25, ikinci tədris ilində 34 ixtisasla tələbə qəbulu aparırdıqsa, bu il ­- üçüncü tədris ili üçün bu göstəricini rekord həddə - 49 ixtisasa çatdırdıq! Hazırda bakalavriat səviyyəsi üzrə kadr hazırlığı həyata keçiririk. İxtisasları seçərkən Qarabağın, Şərqi Zəngəzurun və bütövlükdə Azərbaycanın yeni inkişaf mərhələsində aparıcı rol oynayacaq sahələrini əsas götürürük. Bu səbəbdən gənclərimizi böyük məmnuniyyətlə Qarabağ Universitetini seçməyə dəvət edirəm".

Rektor gənclərə müraciət edərək Qarabağ Universitetində təhsil alacaq tələbələrin gələcək karyeralarına 100% zəmanət verildiyini vurğulayıb:

“Bütün gənclərimizi əmin edirəm ki, burada tətbiq olunan tədris proqramlarının məzmunu onları əmək bazarına tam hazır və güclü mütəxəssis kimi yetişdirəcək. Bizim tələbələr gələcəkdə əmək bazarında sıradan işçilər deyil, məhz prosesləri idarə edən və istiqamət verən aparıcı iştirakçılar olacaqlar”.

Yaxın 5 ilin böyük planı: Dünyanın gözü Xankəndidə olacaq!

Universitetin 5 illik yol xəritəsinə toxunan Şahin Bayramov hədəflərinin çox böyük olduğunu qeyd edib:

“Məqsədimiz müasir akademik məzmunun tətbiq olunduğu və ölkəmizin milli ali təhsil sistemində xüsusi çəkisi, özünəməxsus yeri olacaq bir universitet qurmaqdır. Strategiyamızın əsas xətti ondan ibarətdir ki, Qarabağ Universiteti həm peşəkarların yetişdiyi məkan, həm nəticəyönümlü unikal elmi tədqiqatların aparıldığı nüfuzlu mərkəz, həm də cəmiyyətin həyatını asanlaşdıracaq innovativ həllərin, yeni texnologiyaların hazırlandığı elmi-tədqiqat mərkəzi kimi tanınsın!”

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ