Sertifikasiyadan kəsilən müəllimlər: Onlar məzuniyyət pulu alacaq?

Sertifikatlaşdırmadan ikinci dəfə uğur qazana bilməyən müəllimlərin əmək hüquqları yenidən müzakirə mövzusuna çevrilib. Müəllimləri maraqlandıran əsas suallardan biri isə işdən azad edilməzdən əvvəl illik əmək məzuniyyətindən istifadəyə imkan yaradılıb-yaradılmayacağı ilə bağlıdır.
Sfera.az xəbər verir ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən, işçinin məzuniyyətə buraxılması barədə əmr məzuniyyət başlanmazdan ən azı 5 gün əvvəl verilməlidir.
Məktəblərdə müəllimlərin yay məzuniyyətləri ilə bağlı əmrlər tədris ilinin sonunda rəsmiləşdirildiyi üçün sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə həmin dövrdə dərhal xitam verilməsi praktik olaraq mümkün olmur.
Bu səbəbdən sertifikatlaşdırmadan ikinci dəfə keçə bilməyən müəllimlərin əmək müqaviləsinə, bir qayda olaraq, yay məzuniyyəti başa çatdıqdan sonra xitam verilir. Bu isə onların qanunvericiliklə nəzərdə tutulan illik əmək məzuniyyətindən istifadə etmək hüququnun qorunması deməkdir.
Bununla yanaşı, müəllimlərə işdən çıxmaq barədə öz istəkləri ilə ərizə yazmaları tövsiyə edilmir. Çünki bu halda əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilmiş sayılır və bu, sonradan hüquqların müdafiəsi baxımından müəyyən çətinliklər yarada bilər.
Qeyd edək ki, "Təhsil haqqında" Qanuna əsasən, sertifikatlaşdırmadan ilk dəfə keçə bilməyən müəllimin iş yeri bir il müddətində saxlanılır və ona təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verilir. Təkrar cəhddə də uğur qazana bilməyən müəllimlə isə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilir.
Firuzə Əliyeva
