Məktəblərdə yeni dövr: Müəllimlərin geyimində hansı qadağalar olacaq?

Azərbaycanda dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilk dəfə vahid qaydalarla tənzimlənəcək. Milli Məclisin qəbul etdiyi yeni dəyişiklikdən sonra müəllimlərin dərs zamanı hansı geyimdə olacağını müvafiq dövlət qurumu müəyyənləşdirəcək.
Bəs bu yenilik məktəblərdə nizam-intizamın və peşəkarlığın güclənməsinə xidmət edəcək, yoxsa müəllimlərin fərdi seçim imkanlarını məhdudlaşdıracaq? Müəllimlər üçün vahid geyim tələblərinin tətbiqi hansı zərurətdən irəli gəlir?
Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, qəbul edilən dəyişiklikdən sonra dövlət təhsil müəssisələrində çalışan müəllimlər üçün vahid geyim qaydaları müəyyənləşdiriləcək.
Onun sözlərinə görə, qaydalar Elm və Təhsil Nazirliyi, eləcə də tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanacaq və müəllimlər həmin tələblərə uyğun geyimdən istifadə edəcəklər:
“Bu məsələyə yalnız müəllimlərin xarici görünüşü kimi yanaşmaq düzgün olmaz. Vahid geyim tələbləri məktəbdə peşəkar mühitin formalaşdırılmasının tərkib hissəsidir. Bununla yanaşı, qaydalar hazırlanarkən müəllimlərin rahatlığı və fərdi seçim imkanları da nəzərə alınmalıdır. Əsas məqsəd həm müəyyən edilmiş standartlara riayət etmək, həm də müəllimlərin rahatlığını təmin edən balanslı yanaşma ortaya qoymaqdır.
Ümumilikdə, vahid geyim qaydaları məktəblərdə peşəkar mühitin formalaşmasına, təhsil müəssisələrinin və müəllimlərin nüfuzunun yüksəlməsinə töhfə verə bilər. Müəllimin səliqəli, etik normalara uyğun geyimi cəmiyyətdə ona olan hörməti artıran amillərdən biridir. Eyni zamanda bu, müəllimin peşəkar fəaliyyətini və işgüzar mühitin bir parçası olduğunu əks etdirir. Düşünürəm ki, bu qərardan sonra müəllimlərin peşəkar imici daha da güclənəcək və cəmiyyət onları daha rahat tanıya biləcək”.

Ekspert hesab edir ki, vahid geyim qaydalarının tətbiqi tədris prosesinə də müsbət təsir göstərə bilər:
“Azərbaycanda belə hallarla rastlaşmamışam. Lakin bəzi xarici ölkələrdə müəllimlərin diqqətçəkən və ya qeyri-etik hesab olunan geyim tərzinin, eləcə də həddindən artıq zinət əşyalarından istifadəsinin şagirdlərin diqqətini yayındırdığı müşahidə olunur. Bu da tədris prosesinə mənfi təsir göstərə bilir. Mən bunu sadəcə beynəlxalq təcrübə kimi qeyd edirəm.
Hesab edirəm ki, vahid geyim standartlarının tətbiqi faydalıdır. Lakin qaydalar hazırlanarkən müəllimlərin geyimi həm səliqəli və peşəkar görünüşü təmin etməli, həm də rahat və funksional olmalıdır. Nəzərə almaq lazımdır ki, müəllimlər gün ərzində uzun müddət dərs keçirlər. Buna görə də geyim onların hərəkətinə və iş fəaliyyətinə mane olmamalıdır.
Qaydalarda kişi və qadın müəllimlər üçün ayrıca standartlar müəyyən edilə və ya hər iki tərəf üçün vahid geyim forması tətbiq oluna bilər.
Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Məsələn, Şimali Koreyada müəllimlər vahid geyim formasından istifadə edirlər. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Sinqapur, Böyük Britaniya və Çində də müəllimlərin geyimi ilə bağlı müəyyən standartlar tətbiq olunur.
Düşünürəm ki, bu qərar təhsil mühitinə, müəllim nüfuzuna və məktəbdə peşəkar imicin formalaşmasına müsbət təsir göstərəcək. Bunun nəticəsində həm məktəblərdə daha ciddi və səliqəli mühit yaranacaq, həm də tədris prosesinin keyfiyyətinə müsbət təsirlərin şahidi ola bilərik”.
Firuzə Əliyeva

