Sertifikasiyadan kəsilən təcrübəli müəllimlər: Ekspert səbəbləri açıqladı

Sertifikasiyadan kəsilən təcrübəli müəllimlər: Ekspert səbəbləri açıqladı
Kateqoriya məlum deyil
T

Sertifikatlaşdırmanın hər iki mərhələsində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ümumilikdə 91 407 müəllim sertifikasiya prosesindən uğurla keçib.

Lakin proses cəmiyyətdə bəzi suallar da yaradıb. Xüsusilə uzun illər məktəbdə çalışan, 20-30 ildən artıq pedaqoji təcrübəsi olan müəllimlərin aşağı nəticə göstərərək işdən ayrılması müzakirələrə səbəb olur.

Maraqlıdır, uzun illər dərs deyən müəllimin təcrübəsi ilə sertifikasiya nəticəsi arasında ziddiyyət yaranırsa, burada hansı amillər nəzərə alınmalıdır?

Məsələ ilə bağlı TİKA sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlama verib.

Onun sözlərinə əsasən, cəmiyyətdə bu məsələyə yalnız emosional tərəfdən yanaşmaq düzgün olmaz:

“Uzun illər məktəbdə çalışmaq, şübhəsiz ki, böyük təcrübə və zəhmət deməkdir. Hər bir müəllimin bu peşəyə verdiyi illər dövlət, cəmiyyət və hər birimiz üçün dəyərlidir. Lakin müasir təhsil sistemi yalnız iş təcrübəsinə və staja deyil, eyni zamanda müəllimin aktual biliklərinə və bacarıqlarına da əsaslanır. Sertifikatlaşdırmanın əsas məqsədi müəllimi cəzalandırmaq və ya təcrübəli pedaqoqları sistemdən uzaqlaşdırmaq deyil. Əsas məqsəd məktəblərdə keyfiyyətli təhsilin təmin edilməsi, şagirdlərin müasir tələblərə uyğun bilik əldə etməsinə şərait yaradılması və müəllimlərin peşəkar inkişafının stimullaşdırılmasıdır. Bu proses, ilk növbədə, dövlətin və gələcək nəsillərin maraqlarına xidmət edir”.

Mütəxəssisin sözlərinə əsasən, 20-30 illik pedaqoji təcrübəyə malik müəllimin aşağı nəticə göstərməsi onun savadsız və ya zəif müəllim olması anlamına gəlmir, amma burada bir sıra amillər rol oynayır:

“İlk növbədə, təhsil sistemi sabit sahə deyil, daim yenilənən və dəyişən bir sahədir. Tədris metodları müasirləşir, yeni yanaşmalar tətbiq olunur. Buna görə də müəllimin uzun illər əvvəl qazandığı biliklər bu günün tələblərinə tam cavab verməyə bilər.

Digər mühüm amil isə bəzi müəllimlərin davamlı peşəkar inkişaf prosesinə kifayət qədər qoşulmamasıdır. Yəni bu istiqamətdə məsuliyyətin də rolu var. Digər tərəfdən qeyd etmək lazımdır ki, təcrübə və bilik bir-birini tamamlayan anlayışlardır. Təcrübə çox önəmlidir, lakin təcrübə müasir biliklərlə dəstəklənmədikdə müəyyən boşluqlar yaranır. Bu səbəbdən sertifikatlaşdırma prosesində əsas meyar müəllimin neçə il işləməsi deyil, hazırda şagirdə hansı keyfiyyətdə təhsil verməsidir. Dövlətin əsas vəzifələrindən biri hər bir uşağın qarşısında güclü, öz üzərində çalışan və müasir tələblərə cavab verən müəllimin olmasını təmin etməkdir. Buna görə də hesab edirəm ki, sertifikatlaşdırma təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün vacib mexanizmlərdən biridir. Eyni zamanda düşünürəm ki, aşağı nəticə göstərən müəllimlərin peşəkar inkişafına dəstək proqramlarının genişləndirilməsi və onların yenidən hazırlıq imkanlarının yaradılması daim diqqətdə saxlanılmalıdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ