Elektron diplomlar saxtakarlığın qarşısını ala biləcəkmi? - AÇIQLAMA

Elektron diplomlar saxtakarlığın qarşısını ala biləcəkmi? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Universitetlərdə diplomların təqdim olunması qaydasında mühüm dəyişiklik edilir.

Elm və Təhsil Nazirliyinin qərarına əsasən, bu ildən etibarən ali təhsil müəssisələrinin məzunlarına diplomlar elektron formatda təqdim olunacaq. Bununla da Azərbaycan təhsil sistemində rəqəmsallaşma istiqamətində növbəti mərhələyə keçid etmiş olur.

Elektron diplomların tətbiqinin sənəd dövriyyəsini sadələşdirəcəyi, saxta diplomlarla mübarizəni gücləndirəcəyi və məzunların sənədlərinə daha operativ çıxışını təmin edəcəyi bildirilir. Bununla yanaşı, yeni sistemin texniki etibarlılığı, məlumatların təhlükəsizliyi və bütün vətəndaşlar üçün əlçatanlığının necə təmin ediləcəyi də müzakirə olunan məsələlər sırasındadır.

Bəs elektron diplom sisteminin əsas üstünlükləri və mümkün riskləri nələrdir? Dünya ölkələrinin bu sahədə təcrübəsi Azərbaycana hansı nümunələri təqdim edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sabiq deputat Sona Əliyeva bildirib ki, ölkəmizdə universitetlərdə diplomların onlayn verilməsi texniki yenilik kimi təqdim olunur. Onun sözlərinə görə, lakin bu sadəcə texniki məsələ kimi ölçülməməlidir:

“Diplom sadəcə kağız sənəd deyil. O, insanın illərlə çəkdiyi zəhmətin rəsmi təsdiqidir. Bu baxımdan rəqəmsal diploma keçid müsbət addımdır. Ən azı, sənədin yoxlanılması asanlaşacaq. İşəgötürən, universitet və ya xarici qurum diplomun həqiqiliyini daha rahat təsdiqləyə biləcək. Bu da saxta diplomlarla mübarizədə də ciddi rol oynaya bilər. Həmçinin, məzun üçün də müəyyən rahatlıq yaranır. Diplomun itməsi, korlanması, dublikat almaq kimi proseslər asanlaşacaq. Hər bir məzun sənədinə elektron formada daha tez çıxış əldə edə biləcək. Xüsusilə xaricdə təhsil və iş üçün müraciət edənlər üçün bu, vaxt baxımından üstünlükdür”.

S.Əliyeva qeyd edib ki, bu proses artıq bir çox ölkədə tətbiq olunur:

“Türkiyədə məzuniyyət sənədləri “e-Devlet” üzərindən barkodlu formada alınır. Avropada rəqəmsal təhsil sənədlərinin yaradılması, saxlanılması və yoxlanılması üçün vahid elektron mexanizmlər formalaşdırılıb. ABŞ-də, xüsusilə MIT kimi universitetlərdə rəqəmsal diplomlar daha güclü təhlükəsizlik mexanizmləri ilə təqdim olunur. Bəzi hallarda bu sənədlər “blockchain” texnologiyası ilə qorunur. Yəni Azərbaycan bu addımla dünya təcrübəsinə uyğunlaşır və təhsildə rəqəmsallaşma prosesinə qoşulur”.

Mütəxəssis vurğulayıb ki, uğur təkcə diplomu elektron formaya keçirməklə gəlmir, əsas məsələ bu sistemə etimadın yaradılmasıdır:

“Yəni yaradılmış bu yeni platforma rahat işləməsə, vətəndaş sənədinə vaxtında daxil ola bilməsə, bu yenilik üstünlükdən çox narazılıq yarada bilər. Digər vacib məsələ rəqəmsal savadlılıqdır. Hər kəs elektron sistemlərdən eyni səviyyədə istifadə edə bilmir. Xüsusilə regionlarda yaşayan məzunlar, yaşlı valideynlər və bəzi işəgötürənlər üçün bu proses çətin görünə bilər.

Ona görə də insanlara aydın izah verilməlidir. Sənədi haradan almaq, necə paylaşmaq, problem yaranarsa, hara müraciət etmək sadə dildə izah olunmalıdır. Təhlükəsizlik məsələsi də arxa plana keçməməlidir. Diplom rəsmi sənəddir. Bu sənəd elektron bazada saxlanılırsa, həmin baza ciddi qorunmalıdır. Texniki nasazlıq, server problemi və ya kiber risklər vətəndaşın sənədə çıxışını məhdudlaşdırmamalıdır. Ona görə bu prosesə real baxmaq lazımdır. Qərar doğru istiqamətdir. Amma onun uğuru icradan asılı olacaq. Sistem sadə, təhlükəsiz və hamı üçün əlçatan olmalıdır”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ