“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı
Kateqoriya məlum deyil
T

İyunun 24-də “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Səslərimiz birləşsin” məktəblilər arasında birinci xor festivalının qala-konserti baş tutub.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə şagirdlərdən ibarət xor kollektivləri müxtəlif musiqi nömrələri təqdim edib.

Tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli iştirakçıları və qonaqları salamlayaraq məktəbdənkənar təhsil proqramlarında xor ifa mədəniyyətinin təbliği, bu mədəniyyətin məktəblilərin mədəni, sosial və intellektual inkişaflarına təsiri, eləcə də layihənin gələcək inkişaf perspektivlərindən bəhs ediblər.

Tədbir zamanı festivalın qalib və fərqlənən xor kollektivlərinin üzvləri və müəllimlər təltif ediliblər. Təltifetmədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, şöbənin müdir müavini Ayla Həsənova-Məmmədova, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli, layihə rəhbəri Bəbir Bəbirli, Xalq artisti Gülyaz Məmmədova, eyni zamanda Taleh Yəhyayev, dirijor-xormeyster Ellada Məmmədova, İlhamə Qasımova, Fəxri Kazım Nicat və vokal sinfi üzrə konsertmeyster Zülfiyyə Mövsümova iştirak ediblər.

Ümumilikdə, layihəyə Bakı şəhəri, Abşeron rayonu, Şirvan, Quba, Astara və Füzuli rayonlarını təmsil edən 51 məktəb kollektivi, 1066 məktəbli və müəllim qoşulub. Festivalın seçim mərhələsində ən yüksək nəticə göstərən 10 xor kollektivi və xüsusi fərqlənən 6 kollektiv qala-konsertdə çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində təşkil olunub. Layihə məktəblilər arasında xor sənətinin inkişafına, milli musiqi dəyərlərinin təbliğinə, kollektiv yaradıcılıq və ifaçılıq bacarıqlarının təşviqinə xidmət edir.

PAYLAŞ