Dövlət, yoxsa özəl universitet? - "Mülkiyyət forması önəmini itirib"

Dövlət, yoxsa özəl universitet? - "Mülkiyyət forması önəmini itirib"
Kateqoriya məlum deyil
T

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilk mərhələsi keçirilir və minlərlə abituriyent gələcək təhsil yolunu müəyyən etmək üçün həlledici seçim qarşısındadır. Bu proses hər il olduğu kimi, bu il də ali təhsil sistemində mövcud problemləri və seçim imkanlarını yenidən gündəmə gətirir. Xüsusilə özəl və dövlət universitetləri arasında mövcud fərqlər geniş müzakirə olunur. 

 

Tədrisin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, maddi-texniki baza, tələbələrə təqdim olunan imkanlar və məzunların əmək bazarına inteqrasiyası baxımından hansı universitetllərdə üstün və zəif tərəflər mövcuddur?


Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında bildirib ki, indi insanlar üçün universitetin mülkiyyət formasından daha çox, onun tələbəyə nə qazandırdığı ön plana çıxıb:


“Dövlət universitetlərimiz bizim akademik fundamentimizdir, onilliklərin sınağından keçmiş bir ənənədir və etiraf edək ki, cəmiyyətdə hələ də "dövlət diplomu"na qarşı xüsusi bir etibar var. Amma digər tərəfdən, böyük sistemlərin bəzən müasir dünyanın sürətinə uyğunlaşması, çevik qərarlar verməsi zaman alır. Baxın, özəl universitetlərin əsas üstünlüyü məhz bu nöqtədə üzə çıxır. Onlar əmək bazarındakı dəyişiklikləri daha tez hiss edir, yeni texnologiyaları, rəqəmsal alətləri və beynəlxalq trendləri tədris prosesinə dərhal inteqrasiya edə bilirlər. Maddi-texniki baza dediyimiz o laboratoriyalar, müasir auditoriyalar bəzən özəl sektorda daha cəlbedici görünür, amma dövlət universitetlərinin də illərlə topladığı elmi potensialı və geniş resurslarını kənara qoymaq olmaz”.

 

 

Ekspert vurğulayıb ki, müəllim heyətinə gəldikdə artıq "akademik sərhədlər" şəffaflaşıb:


“Bu gün eyni peşəkar mütəxəssis həm dövlət, həm də özəl müəssisədə dərs keçə bilir. Burada əsas fərq müəllimin biliyində deyil, universitetin o müəllimə və tələbəyə təqdim etdiyi mühitdə, motivasiyada və tədqiqat imkanlarındadır. Məzunların iş tapması məsələsi isə artıq sadəcə diplomun rəngindən asılı deyil. İşəgötürən artıq namizədin hansı binada oxuduğuna deyil, hansı bacarıqlara sahib olduğuna, süni intellektlə işləyə bilib-bilmədiyinə və praktiki biliklərinə baxır. Mən hesab edirəm ki, gələcəkdə biz artıq bu iki modeli bir-birinə rəqib kimi deyil, bir-birini tamamlayan tərəflər kimi görəcəyik. Hansı model daha effektivdir sualının cavabı isə tələbənin özündə gizlidir. Əgər universitet tələbəyə sadəcə nəzəriyyə deyil, həm də real iş dünyası ilə təmas və şəbəkələşmə imkanı verirsə, o model qalibdir. Gələcəkdə bu balans keyfiyyət rəqabəti üzərində qurulacaq və ali təhsil müəssisələri statusuna görə deyil, hazırladığı kadrın əmək bazarındakı dəyərinə görə qiymətləndiriləcək. Bir sözlə, biz diplom mərkəzli təhsildən bacarıq mərkəzli təhsilə keçirik və bu prosesdə həm dövlət, həm də özəl universitetlərimiz öz yanaşmalarını mütləq yeniləməlidir”.

Niyaz Hacıyev 
Sfera.az

 

PAYLAŞ