Məktəblərdə çantalara nəzarət gücləndirilib

Məktəblərdə çantalara nəzarət gücləndirilib
Kateqoriya məlum deyil
T

Məktəblərdə qadağan olunmuş əşyalarla bağlı çantalara nəzarət gücləndirilib.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

 

O, bildirilib ki, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq məktəblərdə reydlər təşkil edilir:

 

“Şagird intizam qaydalarına əsasən məktəbə gətirilməsi qadağan edilən əşyaların şagirdlərin məktəbli çantalarında tapılması halları ciddi nəzarətə götürülür. Bu istiqamətdə həyata keçirilən yoxlamalar həm profilaktik xarakter daşıyır, həm də məktəblərdə təhlükəsiz və sağlam tədris mühitinin qorunmasına xidmət edir”.

 

E.Bağırov qeyd edib ki, baş verən hadisələr təkcə məktəblə məhdudlaşmır və müxtəlif mühitlərdə də müşahidə oluna bilər:

 

“Mən düşünmürəm ki, bu, yalnız məktəbə çantalarda gətirilən hansısa arzuolunmaz əşyalarla bağlıdır. Hadisələr məktəbdən kənarda da, məktəbin daxilində də baş verə bilər. Çantada gətirilən alətlə də, başqa vasitələrlə də belə hallar mümkündür. Hər bir halda düşünmürəm ki, mühafizə və çantalara nəzarət sistemi bu riskləri 100 faiz aradan qaldıra və ya neqativ hadisələri sıfıra endirə bilsin”.

 

Onun sözlərinə görə, bəzi məktəblərdə mühafizə xidməti təşkil olunsa da, bu məsələ qlobal xarakter daşıyır və tam istisna edilə bilməz:

 

“Bizim üzərimizə düşən odur ki, hər bir vəzifə sahibi – məktəb direktoru, onun müavini, məktəb psixoloqu, sinif rəhbəri və müəllim öz işini vicdanla və məsuliyyətlə yerinə yetirsin. Biz isə bu prosesi tənzimləyən qaydaları və təlimatları hazırlamalı, məktəb icmasını məlumatlandırmalı, onları təlimləndirməli və vəzifələrini izah etməliyik. Bu addımlar hadisələrin əhəmiyyətli hissəsinin qarşısını alacaq, amma təəssüf ki, riski tam sıfıra endirmək mümkün deyil”.

 

E.Bağırov onu da qeyd edib ki, ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində şagirdlər, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik olaraq 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik.

 

O deyib ki, bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirsə də, bəzi hallarda fikir ayrılıqları və münaqişələrin yaranması qaçılmaz olur.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ