Universitetlərdə dərs saatının azaldılması nə vəd edir?

Son zamanlar gündəmdə olan mövzulardan biri də universitetlərdə dərs saatlarının endirilməsi ilə bağlıdır.
Belə ki, Azərbaycan universitetlərində dərs saatlarının 90 dəqiqədən 60-70 dəqiqəyə azaldılması təklif edilib. Bildirək ki, bu məsələ ilə bağlı müzakirələr aparılır.
Maraqlıdır, bu üsul gənclərin təhsilinə necə təsir göstərə bilər? Xüsusi bir dəyişiklik gözləniləndirmi?
Sfera.az-a mövcud suallarla bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi dərs saatlarının 90 dəqiqədən 60-70 dəqiqəyə endirilməsinin təhsil alanlar və təhsil verənlər üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib:

“Çünki burada qeyri-ixtisas fənlərinin hesabına müvafiq olaraq dərs saatları artır, eyni zamanda da beynəlxalq standartlarda akademik dərs saatı 55-60 dəqiqə nəzərdə tutulur. Mühazirə saatları da demək olar ki, dünyanın əksər ölkələrində 85-90 dəqiqəyə qədər çəkir. Biz dərslərin əksəriyyəti həm akademik, həm də ümumi mühazirə saatlarını elə 85-90 dəqiqə tədris edilir. Düşünürəm ki, bizdə də akademik dərs saatları 60 dəqiqə olmalıdır. Mühazirə dərslərini isə 70 dəqiqəyə qədər endirmək olar. Əvvəlki kimi mühazirələrin yazılması kimi məsələlər olmadığından, süni intellektin inkişaf etdiyi dövrdə əlavə mühazirələrin yazılması da zaman alır. Demək olar ki, bütün informasiyalara çıxış imkanı əlçatandır. Ona görə belə bir dəyişikliyin olması vacibdir. Burada qeyri-ixtisas fənlərini ləğv etməklə kadrları daha çox öz ixtisasları istiqamətində hazırlaya bilərik. Bu da təbii ki, müsbət nəticələr verə bilər və xüsusi bir dəyişiklik məsələsində isə bu, təhsilin 4 il deyil, 3 ilə başa çatmasına səbəb ola bilər”.
Fidan Hacızadə
Sfera.az
