“Rusiyanın bu addımı beynəlxalq hüquq normalarına sığmır” – Deputat

2026-cı ilin 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Bu barədə Azərbacan Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında bəyanat yayıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.
Beynəlxalq dəniz hüququna görə, müharibə zonasında olan və mülki yük daşıyan ticarət gəmisinə qarşı bu cür hücumlar hansı beynəlxalq konvensiyaların pozulması hesab olunur? Bu hadisə Rusiya ilə Azərbaycan və Türkiyə arasında müəyyən bir diplomatik gərginliyə səbəb ola bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib.
O, bu hadisəni heç bir beynəlxalq hüquq normasına və müharibə qanunlarına sığmayan hadisə adlandırıb:
“Belə hallara yol verilməsi qəbuledilməzdir. Nəticə etibarilə, müharibə hər nə qədər müharibə olsa da, onun da müəyyən qanunları var. Humanitar hüquq normaları isə mülki obyektlərin hədəfə alınmasını qəti şəkildə rədd edir. Buna görə də bu hadisə müharibə hüququnun pozulması kimi qiymətləndirilməlidir”.

Deputatın sözlərinə əsasən, məsələ ondadır ki, biz Rusiya-Ukrayna müharibəsində artıq belə halların tez-tez baş verdiyini müşahidə edirik:
“Eyni zamanda, Azərbaycanla bağlı müxtəlif obyektlərə qarşı da bu cür hərəkətlərin şahidi oluruq. Azərbaycanın Ukraynada yerləşən səfirliyinin yaxınlığına raket zərbələrinin endirilməsi, eləcə də bu yaxınlarda Azərbaycanın dövlət şirkəti olan SOCAR-ın yerləşdiyi məntəqəyə zərbələrin endirilməsi, əlbəttə ki, o qədər də təsadüfi hesab edilə bilməz. Bununla bağlı Azərbaycan dövləti dəfələrlə öz narahatlığını ifadə edib, diplomatik kanallarla Rusiya Federasiyasına etirazını çatdırıb. Qaldı ki, bu hadisənin Rusiya-Türkiyə-Azərbaycan arasında hər hansı bir gərginliyə səbəb olmasına, bilirsinizmi, onsuz da 2025-ci ildə Azərbaycana məxsus mülki təyyarənin Rusiya Federasiyasının hava məkanında vurulmasından sonra münasibətlərdə müəyyən gərginlik yaranıb. Həmin vaxtdan bəri də bu gərginlik gah artır, gah da azalır. Ona görə də mən düşünürəm ki, Rusiya bu cür addımlardan nə qədər tez geri çəkilərsə, gərginlik də bir o qədər tez azalacaq”.
Bəsti Rəfizadə

