“Bu qədər tələbat olacağını gözləmirdik” – İlham Əliyev

“Bu qədər tələbat olacağını gözləmirdik” – İlham Əliyev
Kateqoriya məlum deyil
T

“Biz uzun illərdir, təxminən 10 ildən artıqdır ki, nəqliyyat bağlantılarının inkişafı üzərində fəal işləyirik. Məqsədimiz Azərbaycanın əlverişli coğrafi mövqeyini çoxtərəfli əməkdaşlıq platformasına çevirmək olub”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

“Azərbaycan Mərkəzi Asiyanı, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən unikal coğrafi mövqeyə malikdir. Lakin son dövrlərdə Qırmızı dəniz və Hörmüz boğazında baş verən hadisələr dəniz ticarətinin nə qədər həssas olduğunu bir daha göstərdi. pizza mizza

Sizcə, biz elə bir dövrə qədəm qoyuruq ki, quru nəqliyyat dəhlizləri strateji baxımdan dəniz marşrutları qədər əhəmiyyətli olacaq? Əgər belədirsə, qarşıdakı on ildə Azərbaycanın bu prosesdə rolunu necə görürsünüz?” sualına cavab olaraq Prezident fikirlərini belə davam etdirib:

“Bunun üçün bir neçə vacib amil var idi. Birincisi, çatışmayan fiziki infrastruktur idi və biz onu qurduq. İkincisi, qonşularla münasibətlər idi. Çünki qonşularla yaxşı münasibətlər olmadan tranzit ölkəsinə çevrilmək mümkün deyil. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, heç bir yük sizin ərazinizdən keçməyəcək.

Eyni zamanda Avrasiyanın geniş coğrafiyasında – şərqdə, qərbdə, şimalda və cənubda beynəlxalq əməkdaşlıq qurmaq lazım idi. Biz bunu enerji layihələrində etdiyimiz kimi həyata keçirdik. Azərbaycan bu layihələrin təşəbbüskarı, əsas maliyyə dəstəkçisi və çoxtərəfli əməkdaşlığın təşkilatçısı oldu. Bu gün həmin layihələr bir çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir.

Eyni yanaşmanı nəqliyyat bağlantılarına da tətbiq etdik. Fiziki infrastruktur artıq hazırdır. İndi isə əsas məqsədimiz onun imkanlarını genişləndirməkdir. Açığı, son dövrlərdə coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik.

Şərqdə Mərkəzi Asiya ölkələri, qərbdə isə Gürcüstan, Türkiyə və Avropa ilə əməkdaşlığımız çox yüksək səviyyədədir. Bütün bunları bir-birinə bağlamaq üçün isə enerji lazımdır. Dəhlizin səmərəli fəaliyyəti üçün bir çox addımlar məhz bunun sayəsində mümkün olur.

Bəli, Yaxın Şərqdəki mövcud vəziyyət bu dəhlizi daha da cəlbedici edib. Gərginliyin ən yüksək olduğu günlərdə uçuş xəritəsinə baxsaydınız, çox dar bir hava dəhlizinin məhz Azərbaycanın üzərindən keçdiyini görərdiniz. Eyni vəziyyət digər nəqliyyat marşrutları üçün də keçərlidir.

Hazırda tranzit imkanlarımız 25 milyon ton yük daşımaq gücünə malikdir. Bundan əlavə, Avropa istiqamətinə və Avropadan gələn yüklərin daşınmasını təmin etmək üçün gəmiqayırma zavodumuzda 10 yeni gəmi inşa edilir.

Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın əməkdaşlığımız, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycana böyük üstünlük qazandırır.

Əlbəttə, Azərbaycanın siyasəti həmişə əməkdaşlığa, qonşularımızın narahatlıqlarını nəzərə almağa və onların da bizim narahatlıqlarımıza həssas yanaşmasına əsaslanıb. Şuşada keçirilən Media Forumunda hiss olunan əməkdaşlıq mühiti də bizim yaratmağa çalışdığımız atmosferin nümunəsidir. Ümid edirəm ki, buna nail olmuşuq”.

PAYLAŞ