Paşinyan kadr təmizləmələrinə başlayır

Ermənistanda parlament seçkilərindən sonra hakim "Vətəndaş Müqaviləsi" Partiyasında genişmiqyaslı kadr dəyişikliklərinin başlanacağı ilə bağlı iddialar güclənib.
Sfera.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan jurnalistlərin Baş nazir Aparatının rəhbəri və hakim partiyanın seçki qərargahına rəhbərlik etmiş Arayik Arutyunyanın gözlənilən istefası barədə sualını birbaşa təkzib etməyib.
Erməni mətbuatının (əsasən müxalif-red.) yazdığına görə, Paşinyan seçki qərargahının ona təqdim etdiyi sosioloji sorğuların nəticələrindən narazıdır. Həmin sorğularda hakim partiyaya 65 faizə qədər səs və konstitusiya çoxluğu proqnozlaşdırıldığı halda, seçkilərdə "Vətəndaş Müqaviləsi" təxminən 49 faiz səs toplayıb.
Paşinyan hökumətdə başqa dəyişiklikləri də təsdiqləyib. Belə ki, yüksəktexnoloji sənaye naziri Mxitar Ayrapetyan vəzifəsini tərk edəcək. Baş nazir bildirib ki, nazir özü hökumətdə fəaliyyətini davam etdirmək istəmədiyini bildirib.
Parlamentin sabiq sədri Alen Simonyanın gələcək siyasi taleyi ilə bağlı isə hələ yekun qərarın verilmədiyi qeyd olunub. Paşinyanın sözlərinə görə, onun siyasi fəaliyyətini hansı formatda davam etdirəcəyi hazırda müzakirə olunur.
Baş nazir həmçinin bildirib ki, hökumətin fəaliyyəti və qəbul edilən siyasi qərarlara görə bütün siyasi məsuliyyəti üzərinə götürməyə hazırdır. "Xalq bu missiyanı mənə həvalə edib və mən bu məsuliyyəti daşımağa borcluyam", – deyə Paşinyan vurğulayıb./musavat.com
