Prezident fərman imzaladı

Azərbaycanda ərazilərin tam bərpa edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək yeni sosial-demoqrafik qiymətləndirmə və əhalinin siyahıyaalınması həyata keçiriləcək.
Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, ölkədə növbəti əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək. Siyahıyaalmanın hazırlanması, keçirilməsi, yekunlarının işlənilməsi və nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub.
Nazirlər Kabineti əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir. Hökumət həmçinin zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarının Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasını təmin edəcək.
