Moldovanın Baş nazirinin istefa səbəbi bilindi

Moldovanın Baş naziri Aleksandr Muntyanunun istefası ölkə prezidenti Maya Sandu ilə arasında ciddi fikir ayrılığının ola biləcəyi barədə iddiaları gücləndirib.
Sfera.az xəbər verir ki, bu fikri politoloq İvan Mezyuxo Lenta.ru-ya açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, baş nazirin istefa bəyanatının məzmunu Sandu ilə münasibətlərdə problem yaşandığını ehtimal etməyə əsas verir.
"Çox güman ki, baş nazir dövlət başçısı ilə ortaq məxrəcə gələ bilməyib. Ola bilər ki, Maya Sandunun avtoritar idarəetmə üslubu onu qane etməyib. Moldova Konstitusiyaya əsasən parlament respublikasıdır, lakin mövcud siyasi sistem prezidentin hakimiyyət qollarına geniş nəzarət etməsinə imkan verir", – deyə politoloq bildirib.
Mezyuxo qeyd edib ki, Muntyanu Qərbyönlü siyasi elitanın nümayəndəsidir. Onun sözlərinə görə, baş nazir Moldova ilə yanaşı Ukrayna və ABŞ vətəndaşlığına da malikdir.
Politoloq vurğulayıb ki, Muntyanu hakimiyyətə gəldikdən sonra MDB ilə bəzi sazişlərin ləğvi və anti-Rusiya siyasətinin davam etdirilməsi istiqamətində addımlar atıb. Buna görə də onun Sandu ilə fikir ayrılığının ideoloji deyil, şəxsi və idarəetmə xarakterli olduğu ehtimal edilir.
Ekspert hesab edir ki, Maya Sandu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin dəstəyinə arxalanır və yaxın vaxtlarda Moldovada yeni baş nazir təyin olunacaq.
Xatırladaq ki, Aleksandr Muntyanu istefa verdiyini açıqlasa da, qərarının səbəblərini açıqlamayıb. O, vida müraciətində yalnız peşəkar və vicdanla çalışan nazirlərə və həmkarlarına təşəkkür edib, prezident Maya Sandunun adını isə qeyd etməyib.
İnci
Sfera.az
