Rusiya Polşaya hücum edə bilər

ABŞ Varşavanı Rusiyanın NATO üzvü ölkələrin qətiyyətini yoxlamaq məqsədilə Polşa ərazisində silahlı təxribat törədə biləcəyi barədə xəbərdar edib.
Sfera.az xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Telegraph” məlumat yayıb.
Məqalədə bildirilir ki, Rusiya Polşanın kritik infrastruktur obyektlərini raket və ya dronlarla hədəfə ala bilər. Həmçinin rusiyalı hərbçilərin Polşa sərhədini keçərək ölkə ərazisinə daxil olması ehtimalı da istisna edilmir. Mənbələrin məlumatına görə, Moskvanın məqsədi gərginliyi artırmaq və Qərb ölkələrini Ukraynaya hərbi yardımı dayandırmağa məcbur etməkdir. Nəşrin həmsöhbətlərinin qiymətləndirməsinə əsasən, belə bir ssenari yaxın aylarda həyata keçirilə bilər.
Polşanın “Onet” nəşri Prezident Karol Navrotskiyə yaxın mənbələrə istinadla yazıb ki, Vaşinqton Varşavanı dəfələrlə belə bir əməliyyatın mümkünlüyü barədə xəbərdar edib.
Polşa təhlükəsizlik strukturlarındakı mənbələr daha ənənəvi ssenarini də mümkün hesab edirlər. Bu ssenari Rusiyanın kiçik hərbi qrupunun NATO-nun şərq sərhədini keçərək Polşa ərazisinə məhdud miqyaslı müdaxiləsini nəzərdə tutur. “Onet”in məlumatına görə, mümkün təxribat ssenarilərinə dronlarla elektrik stansiyaları da daxil olmaqla, kritik infrastrukturun vurulması və ya Polşanı hava hücumundan müdafiə sistemlərini işə salmağa məcbur edəcək saxta hava hücumlarının təşkil edilməsi daxildir.
Polşa kəşfiyyatındakı mənbələrdən biri ən pis halda sərhəd bölgəsində hibrid hücumun mümkün olduğunu, hətta Rusiya və ya Belarus hərbçilərinin iştirakı ilə silahlı müdaxilə ehtimalını da istisna etməyib. Məqalədə qeyd olunur ki, Rusiya bunu GPS sistemində nasazlıq nəticəsində qoşunların “təsadüfən” Polşa ərazisinə daxil olması və ya texniki nasazlıq yaşamış helikopterin təxliyəsi üçün “xilasetmə əməliyyatı” kimi təqdim edə bilər.
Polşalı mənbələrin fikrincə, Moskva hesab edir ki, belə vəziyyətdə Polşa Rusiya və ya Belarus hərbçilərinə atəş açmayacaq və ABŞ-nin təzyiqi altında hərbi cavab əvəzinə danışıqlara üstünlük veriləcək: “Əgər Rusiya qüvvələri Polşa ərazisini hərbi yolla deyil, danışıqlar nəticəsində tərk etsələr, Kreml bunu siyasi qələbə kimi qiymətləndirəcək. Moskvanın əsas tələblərindən biri qoşunların Polşadan çıxarılması müqabilində Qərbin Ukraynaya dəstəyinin dayandırılması ola bilər”.
Polşa prezidentinə yaxın mənbə bildirib ki, Polşa bu riskdən sığortalanmayıb. Mümkün quru əməliyyatının həm Rusiyanın nüvə silahı yerləşdirdiyi Kalininqrad vilayətindən, həm də Belarus ərazisindən həyata keçirilə biləcəyi iddia olunur.
Mənbələr vurğulayırlar ki, Rusiya qüvvələrinin böyük hissəsinin Ukraynada müharibəyə cəlb olunması səbəbindən hazırda Kreml üçün məhdudmiqyaslı əməliyyatlar NATO ilə tammiqyaslı müharibədən daha real variant hesab olunur: “NATO üçün ən mənfi ssenaridə Rusiya Polşanın suverenliyini sarsıtmağa, alyansın təhdidlərə effektiv cavab verə bilmədiyini nümayiş etdirməyə və NATO ilə genişmiqyaslı müharibəyə səbəb olmadan Qərbin Ukraynaya dəstəyinin dayandırılmasına nail olmağa çalışa bilər”.
Polşa Müdafiə Nazirliyinin rəsmisi “Onet”ə açıqlamasında Rusiyadan təxribat riskinin mümkünlüyünü təsdiqləyib. Bununla yanaşı, o vurğulayıb ki, Polşa artıq Rusiyaya NATO-nun sarsıdıcı cavab verməyə hazır olduğunu nümayiş etdirmək məqsədilə hərbi təlimlər keçirib.
