Le Pen: Prezident seçkilərində iştirak etməyəcəm

Fransanın müxalifətçi siyasətçisi, Marin Le Pen bildirib ki, məhkəmə elektron nəzarət qolbağının çıxarılması barədə qərar verməyəcəyi təqdirdə, növbəti prezident seçkilərində namizəd olmayacaq.
Sfera.az bildirir ki, bu barədə "Associated Press" agentliyinin istinad etdiyi LCI telekanalına müsahibəsində danışıb.
"Namizəd ola bilsəm, namizəd olacağam. Amma bunun üçün seçki kampaniyası aparmaq imkanım olmalıdır. Elektron qolbaq buna mane olacaq. Mən seçki mitinqinə və ya bazara getmək üçün hakimin icazəsindən asılı qala bilmərəm", – deyə Le Pen bildirib.
Məlumata görə, Paris Apellyasiya Məhkəməsi Le Penin işi üzrə qərarını iyulun 7-də açıqlayacaq.
Siyasətçi Avropa Parlamenti üçün assistentlərin işə götürülməsi məqsədilə ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı hökmə etiraz edir.
Xatırladaq ki, 2025-ci ilin martında birinci instansiya məhkəməsi Marin Le Peni 4 il azadlıqdan məhrum edib. Hökmdə cəzanın iki ilini elektron nəzarət qolbağı ilə çəkməsi nəzərdə tutulub.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də, zərurət yaranacağı halda isə ikinci tur mayın 2-də keçiriləcək.
İnci
Sfera.az
