Bakıda ABŞ-nin Müstəqillik Gününün 250 illiyi qeyd olundu - FOTOLAR

Bakıda ABŞ-nin Müstəqillik Gününün 250 illiyi münasibətilə rəsmi tədbir təşkil olunub.
Sfera.az xəbər verir ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan və ABŞ-nin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon bildirib ki, ABŞ son 250 ildə azadlıq, innovasiya, sahibkarlıq və inkişaf prinsiplərinə söykənərək güclü dövlətə çevrilib. Onun sözlərinə görə, bu dəyərlər ölkənin iqtisadi, elmi və texnoloji inkişafında mühüm rol oynayıb. Diplomat çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə də toxunaraq qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti region üçün yeni mərhələnin başlanğıcı olub. O bildirib ki, Prezident Donald Trampın iştirakı ilə keçirilən görüşdə tərəflər uzun illər davam edən qarşıdurmadan sonra əməkdaşlıq və rifahı hədəfləyən yeni kurs müəyyənləşdiriblər.
Emi Karlon vurğulayıb ki, hazırda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) və ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqazın nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq baxımından daha inteqrasiya olunmuş regiona çevrilməsi istiqamətində işlər aparılır. Onun sözlərinə görə, bu ilin fevralında Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası regional bağlantılar, iqtisadi investisiyalar, innovasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
ABŞ diplomatının sözlərinə görə, enerji sahəsində uzun illər davam edən tərəfdaşlıq artıq yeni istiqamətlərə də keçid edir:
"Hazırda enerji, süni intellekt, data mərkəzləri və digər yüksək texnologiyalar üzrə yeni investisiya layihələri üzərində işləyirik. Ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri Azərbaycan tərəfdaşları ilə ümumi dəyəri 8 milyard ABŞ dollarından çox olan müqavilələr imzalayıblar." Karlon əlavə edib ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və bundan sonra da ölkədə investisiyaların, dialoqun və sülh təşəbbüslərinin dəstəklənməsini davam etdirəcək. Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən Baş nazirin müavini Samir Şərifov Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O bildirib ki, diplomatik münasibətlərin qurulduğu 34 il ərzində Azərbaycan və ABŞ arasında iqtisadi, ticari və digər sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verilib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə üzrə Qlobal Koalisiyada iştirakı, həmçinin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr iki ölkə arasındakı əməkdaşlığın mühüm nümunələridir.
Samir Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Baş nazirin müavini bildirib ki, həmin səfər zamanı ABŞ rəhbərliyinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına, həmçinin Zəngəzur dəhlizinin fəaliyyətini nəzərdə tutan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinə verdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirilir. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında formalaşmış qarşılıqlı etimad, eləcə də vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiyini göstərir. Samir Şərifovun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ açır və iqtisadi, ticarət, investisiya, innovasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq. O, bu sənədin gələcək illərdə tərəfdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib. Rəsmi çıxışların ardından tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.
Firuzə Əliyeva






