Vensdən xəbərdarlıq: ABŞ-İran müharibəsi yenidən başlaya bilər

ABŞ İranın nüvə proqramını yenidən bərpa etməsi, region ölkələrinə təhdid yaratması və silahlı qruplaşmaları dəstəkləməsi fonunda hərbi əməliyyatların yenidən başlanacağını istisna etmir.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Onun sözlərinə görə, İran yenidən nüvə proqramını inkişaf etdirməyə cəhd göstərsə, qonşu ölkələr üçün təhlükə yaratsa və ya regiondakı silahlı qruplaşmaları maliyyələşdirsə, bu zaman Prezident Donald Trampın qarşısında müxtəlif seçimlər olacaq.
“Konkret vəd verə bilmərəm, çünki hər şey sonda İranın necə davranacağından asılı olacaq. Ancaq əminəm ki, prezident zərurət yaranmadığı və aydın müəyyən edilən məqsəd olmadığı təqdirdə ABŞ qoşunlarını yenidən bölgəyə göndərməyəcək”, – deyə Vens bildirib.
Vitse-prezident eyni zamanda ABŞ və İran nümayəndələri arasında aparılan texniki məsləhətləşmələrin gedişini müsbət qiymətləndirib.
“Yekun nəticələr barədə danışmaq hələ tezdir, lakin danışıqlar yaxşı gedir”, – deyə o vurğulayıb./globalinfo
