KİV: Zelenski prezident seçkilərinin bu il keçirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski bu il prezident seçkilərinin keçirilməsi məsələsini gizli görüşdə müzakirə edib.
Sfera.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" nəşri hakimiyyət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr daha əvvəl yazmışdı ki, Zelenski şəhər kənarındakı iqamətgahında hakim komandanın nümayəndələri ilə qapalı görüş keçirib. Tərəflər ölkədə hakimiyyət konfiqurasiyasının gələcək perspektivlərini müzakirə ediblər.
Mənbələrin sözlərinə görə, iclas zamanı Zelenski və hakimiyyət nümayəndələri dövlət başçısının reytinqində müşahidə olunan artımı da dəyərləndiriblər.
Jurnalistlərin yazdığına görə, reytinqdəki müsbət dinamika Zelenskinin komandasını ruhlandırıb və görüşdə bu ilin payızının sonlarında prezident seçkilərinin keçirilməsi ehtimalı ciddi şəkildə müzakirə olunub.
İddialara əsasən, toplantı iştirakçıları hesab ediblər ki, reytinq yüksəlişdə olduğu müddətdə bundan siyasi baxımdan yararlanmaq məqsədəuyğun ola bilər.
Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski yerli icra strukturlarında çalışan məmurlarla bağlı "kadr qərarları" verəcəyini açıqlamışdı. Buna səbəb kimi isə ölkənin qış mövsümünə hazırlığında müşahidə olunan gecikmələr göstərilmişdi.
İnci
Sfera.az
