Kimi Qarabağda, kimi Türkiyədə, kimi isə Bakıda olacaq– Siyasətçilərin YAY PLANLARI

Kimi Qarabağda, kimi Türkiyədə, kimi isə Bakıda olacaq– Siyasətçilərin YAY PLANLARI
Kateqoriya məlum deyil
T

Azərbaycanda parlamentin növbədənkənar sessiyası yekunlaşmaq üzrədir və iyulun 15-dən etibarən millət vəkilləri rəsmi olaraq yay məzuniyyətinə yollanırlar.

Eləcə də siyasi partiya sədrləri qızmar yay günlərində siyasi proseslərin bir qədər səngiməsindən istifadə edib dincəlməyə hazırlaşırlar.

Bəs görəsən, ölkənin tanınmış siyasətçiləri, deputat və partiya rəhbərləri builki yay tətilini harada və necə keçirəcəklər?

Sfera.az millət vəkilləri və partiya sədrləri arasında keçirdiyi sorğunun maraqlı nəticələrini təqdim edir:

Tanınmış siyasi xadim, deputat Elçin Mirzəbəyli builki yay məzuniyyəti dövründə ölkədən kənara çıxmaq niyyətində deyil. O, yay tətilini bütövlüklə Azərbaycanın daxilində, müxtəlif səfalı bölgələrdə keçirməyi planlaşdırır.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hələ ki konkret qərar vermədiyini bildirib:

“Bizdə rəsmi tətil iyulun 15-dən başlayır. Mən daha çox tətillərimi Bakıda keçirirəm. Çünki yazı-pozu, kitab üzərində iş və digər yaradıcılıq məsələləri kənara getməyimə çox imkan vermir. Amma ailənin və yaxın çevrənin istəklərini nəzərə alaraq planlarda müəyyən dəyişikliklər ola bilər. Hər halda, əsasən Bakıda olacağımı düşünürəm”.

Millət vəkili Azər Allahverənov parlamentdə növbədənkənar sessiya davam etdiyi üçün tətili avqust ayına planlaşdırır. Deputat xaricə üz tutmaq niyyətində deyil:

“Bakı ətrafındakı istirahət zonalarının birində vaxtımı keçirmək istəyirəm. Həmkarlar İttifaqının xətti ilə təxminən 10 günlük bir istirahət nəzərdə tuturam. Hansı istirahət mərkəzi olacağı tam dəqiqləşməsə də, Bakı ətrafı olacaq. Ola bilsin, bölgələrə də getdim, amma hələlik konkret səmərəli tətil planım yoxdur, çünki hazırda iclaslar və digər vacib işlərlə məşğuluq”.

Deputat Mahir Süleymanlı tətilini doğulub boya-başa çatdığı və deputat seçildiyi rayona həsr edəcək:

“Yay tətilini Şabran rayonunda keçirəcəyəm. Valideynlərim, qohumlarım ordadır. Fürsətdən istifadə edib həm seçicilərlə görüşəcəm, həm də əzizlərimin yanında dincələcəm. Uşaqların məktəbi və müəyyən məsələlərə görə xaricə getmək planım yoxdur. Şabranda Qalaaltı sanatoriyası, Pirəbədil və ‘Wellness Shabran’ otelləri yerləşir. Çox gözəl təbiətimiz, meşələrimiz var. İnsanlarımızı da gəlib burada istirahət etməyə dəvət edirəm”.

Millət vəkili Hikmət Babaoğlu torpaqlarımız azad olunandan sonra ənənəvi olaraq tətilini Qarabağda keçirdiyini deyir:

“Bu il də mütləq Şuşa, Laçın və Kəlbəcərə baş çəkəcəm. Eyni zamanda, planımda qardaş Türkiyənin Qars şəhərinə getmək var. Qarsın Akyaka rayonundan mənim doğulduğum kəndə cəmi 7 km məsafə var. Mən vaxtilə durbinlə saatlarla öz kəndimizə baxmışam. SSRİ zamanı sərhəd düşəndə bizim Ağbaba mahalının böyük hissəsi Qarsa köçüb. Oranın mədəniyyəti, ləhcəsi, insanları elə bizim kənddir. Bu il yenə ora gedib fiziki olmasa da, mənən kəndimizə qayıdacam”.

Deputat Elman Nəsirov yay planlarının tamamilə ölkə daxili ilə bağlı olduğunu vurğulayıb:

“İyulun ortalarına qədər növbədənkənar iclaslar davam edəcək. Tətilə gəlincə, keçən il olduğu kimi ilk öncə Qubada bir az dincəlmək istəyirəm. Ondan sonra Astara şəhərinə getmək niyyətim var. Daha sonra isə öz ata-baba yurdum olan Cəlilabada yollanacam. Hazırda proqramım bu üç rayondan ibarətdir”.

Deputat Zahid Oruc da yerli turizmə üstünlük verənlərdəndir:

“Həmişə tətil dövrünü ölkəmizdə keçirmişəm. Regionlarımız yayın ən isti vaxtında belə zəngin təbiətə, sərinliyə və şəfalı sulara malikdir. Müəyyən qədər yazılarımızı, çalışmalarımızı bir yerə yığıb onların redaktəsi ilə məşğul olacam. Şəxsi həyatımda istirahətə münasibətdə çox sərt, bəziləri üçün hətta qəddar görünən qaydalarla çalışmışam, amma müəyyən müddətdən sonra dincəlmək bir zərurətə çevrilir. Bu il də doğma vətənimizdə dincələcəyik”.

İqtisadçı deputat Vüqar Bayramov komitələrdə yeni qanun layihələri üzərində işlərin çox olduğunu deyir:

“Bu yay mövsümündə də yay tətilini ölkə daxilində keçirməyi düşünürəm. Ümumiyyətlə, son dövrlər əgər yayda xaricə getmək lazım gələrsə, yalnız qardaş Türkiyəni seçirəm. Amma hələlik xaricə konkret səfər proqramım yoxdur, tətili Azərbaycanda keçirəcəyəm”.

Deputat Ceyhun Məmmədov bu yayı daha çox iş başında keçirəcək:

“Görünən odur ki, bu yay iş çox olacaq. Yarımçıq qalan bəzi yazılar, kitablar, məqalələr var ki, onları yekunlaşdırmalıyam. Hələ ki istirahət gündəmdə deyil. Ola bilsin, 2-3 günlük bölgələrin birinə gedib qısamüddətli dincəlim, çünki tədbirlər, görüşlər və müsahibələr çoxdur”.

Deputat Naqif Həmzəyev məzuniyyətini doğma bölgədə keçirəcək:

“Məzuniyyəti Gəncə şəhərində və Gəncəbasar bölgəsində keçirməyi planlaşdırıram. Əgər imkan tapsam, ailəmlə Qarabağa da səfər edəcəyəm. Hər kəsi yerli turizmin inkişafına töhfə verməyə çağırıram”.

Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev partiya işlərinin sıxlığından gileylənib:

“Son illər yay tətilində ümumiyyətlə istirahət etdiyimi xatırlamıram. O qədər iş, problem olur ki, tətil yada düşmür. Bu yay da Azərbaycanda olacam və çox hissəsini rayonlarda keçirəcəm. Partiyamızın ən azı 35 rayon təşkilatında fəallarla görüşlər və yığıncaqlar planlaşdırmışıq. Yəni tətilimiz elə bölgələrdə işləmək olacaq”.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Bakının bağlarına və yerli regionlara üstünlük verir:

“Yay tətilini ailəmlə, dostlarımla və partiyadaşlarımla Azərbaycanın bölgələrində və Bakının gözəl kəndlərinin birində yerləşən bağ evində keçirməyi planlaşdırıram. Mən Azərbaycana və Bakıya çox bağlı şəxsəm. Ölkəmizin səfalı yerlərini təkrar gəzməkdən və sakit Bakıda dincəlməkdən həzz alıram. Xarici ölkələr çox səs-küylüdür və mənə görə tam istirahət məkanı deyil. Xaricə işgüzar səfərlərə gedəndə də həmişə Bakıya qayıtmağa tələsirəm”.

AĞ Partiyanın sədri Tural Abbaslı siyasi proseslərin tətili tanımadığını vurğulayıb:

“Mən xüsusi yay tətili planları quran deyiləm. Bizim iş elədir ki, vaxtı hesablamaq olmur. Siyasi proseslər, partiyanın daxili təşkilati işləri davam edir. Ona görə evdə də olsan, tətildə də olsan işləyirsən. Amma ümumən yəqin ki, öz rayonumuza, kəndimizə gedib elimizi-obamızı ziyarət edib dincələcəm. Xarici ölkə kimi bir planım yoxdur”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəliloğlu uzunmüddətli tətillərin hamıya nəsib olmadığını deyir. Onun sözlərinə görə, iş və istirahətin sintezi olan qısamüddətli mühit dəyişikliyi orqanizmə böyük nəfəs aldırır:

“Ailə ilə birlikdə keçirilən vaxtın keyfiyyəti günlərin sayından daha önəmlidir. Evdə, ailə mühitində olmaq da özlüyündə böyük bir hüzur və istirahət mənbəyidir. Bu səbəbdən böyük səfərlər yox, əsasən ev mühitində dincəlmək nəzərdə tutulub”.

REAL Partiyasının sədri Natiq Cəfərli isə tətili xaricdə keçirəcək azsaylı siyasətçilərdəndir:

“Artıq 10-15 ildir ki, yay tətilini ailəvi olaraq fevral ayında planlayırıq. Fevralda çox ciddi endirimlər olur. Həm aviabiletləri, həm də otelləri öncədən seçdiyimiz üçün indiki qiymətlərdən 70-75% daha ucuz tur əldə edirik. Ənənəvi olaraq bu il də Türkiyəni seçmişik. İyul ayında Türkiyədə bir neçə günlük ailəvi istirahətimiz olacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə növbədənkənar sessiyanın iclaslarının davam etdiyini xatırladıb:

“Məzuniyyət müddəti nə zaman başlayacaq, onu hələ tam proqnozlaşdırmamışam. Amma istənilən halda ölkə hüdudları daxilində istirahət etməyi hədəfləmişəm. Ölkə xaricinə səfərim olmayacaq. Azərbaycanın çox görməli regionları var, onlardan birini seçib müəyyən müddət dincələcəm”.

Azad Vətən Partiyasının sədri Akif Nağı torpaqlar azad olunduqdan sonra artıq rahat şəkildə istirahət barədə düşünə bildiklərini deyib:

“Uzun illər torpaqlarımız işğal altında olanda bizim, demək olar, istirahətimiz olmurdu. Xüsusilə yay aylarına işğal günləri düşürdü, anım mərasimləri keçirirdik, ürəyimizdən də harasa getmək keçmirdi. İndi isə şükürlər olsun ki, torpaqlarımız azaddır. Qarabağa qısamüddətli səfərlərimiz olacaq. Bu yaxınlarda Ağdamda kəndimizdə şəhidlərin anım mərasimində idim. Bu yay ərzində mütləq bir neçə dəfə Xankəndi, Şuşa, Ağdam və Laçın istiqamətinə gedəcəm. Azərbaycanın digər yerlərindən isə havaların sərin olduğu Quba və Qəbələ tərəfə bir neçə günlük səfərlərimiz gözlənilir”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ