KİV: Putin bu tarixdə hakimiyyətdən gedəcək

KİV: Putin bu tarixdə hakimiyyətdən gedəcək
Kateqoriya məlum deyil
T

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin uzanması fonunda Prezident Vladimir Putinin hakimiyyətinin gələcəyi ilə bağlı yeni iddialar irəli sürülüb.

Sfera.az xəbər verir ki, Forbes nəşrinin dərc etdiyi təhlildə Putinin qarşıdakı üç il ərzində hakimiyyətdən uzaqlaşdırılması ehtimalının artdığı bildirilir.

Məqalədə qeyd olunur ki, hakimiyyət dəyişikliyi müxtəlif ssenarilər üzrə baş verə bilər. Bunlara sürətli çevriliş və ya sui-qəsd, məhkəmə prosesi, daxili siyasi qarşıdurmalar, Ukraynanın mümkün yeni hərbi uğurları, Rusiyada iğtişaşlar və hətta Çinin Moskvaya dəstəyini azaltması daxildir.

Nəşr xatırladır ki, son yüz ildə Rusiyada hakimiyyət dəyişikliyi iki dəfə böyük hərbi kampaniyaların fonunda baş verib. Bunlardan biri Birinci Dünya müharibəsi, digəri isə SSRİ-nin Əfqanıstana müdaxiləsi dövrünə təsadüf edib. Təhlildə vurğulanır ki, müharibə uzandıqca Kreml daxilində narazılığın artması ehtimalı yüksəlir. İddia olunur ki, Putinin yaxın çevrəsi ölkədəki vəziyyətin ağırlaşması fonunda öz siyasi gələcəyini düşünməyə başlayıb və müəyyən mərhələdə hakimiyyət daxilindən etiraz dalğası yarana bilər.

Forbes yazır ki, Putinin təhlükəsizliyi Federal Təhlükəsizlik Xidməti (FSB), Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyinin qüvvələri və digər xüsusi xidmət strukturları tərəfindən təmin olunur. Nəşrin iddiasına görə, bu qurumlar arasında uzun illərdir davam edən rəqabət böhran vəziyyətində ciddi qarşıdurmaya çevrilə bilər.

Məqalədə Putinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı mümkün "Çauşesku ssenarisi" də xatırlanır. Nəşr hesab edir ki, sürətli hakimiyyət dəyişikliyi yeni siyasi rəhbərliyə keçid üçün istifadə oluna bilər. Bununla yanaşı, Putinin uzun illər yaxın silahdaşı hesab olunan keçmiş müdafiə naziri Sergey İvanovun bu yaxınlarda vəfat etməsi də Kreml daxilində baş verən proseslər fonunda diqqət çəkən hadisə kimi qiymətləndirilir.

Təhlildə Rusiyada vəziyyəti daha da gərginləşdirə biləcək amillər sırasında Ukraynanın yeni hücumları, ərzaq qıtlığı, bəzi regionlarda separatçı meyllərin güclənməsi və Çinin mövqeyinin dəyişməsi göstərilir.

Nəşr sonda belə nəticəyə gəlir ki, mövcud proseslər eyni istiqamətdə davam edərsə, Vladimir Putinin növbəti üç il ərzində hakimiyyətdən uzaqlaşdırılması ehtimalı kifayət qədər yüksəkdir.

Qeyd edək ki, bu məlumat və proqnozlar Forbes nəşrinin təhlilinə əsaslanır və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

İnci

Sfera.az

PAYLAŞ