Hikmət Babaoğlu: Dilimizin rəqəmsallaşdırılması gələcəyin əsas prioritetlərindəndir

Hikmət Babaoğlu: Dilimizin rəqəmsallaşdırılması gələcəyin əsas prioritetlərindəndir
Kateqoriya məlum deyil
T

"Biz standartlarımıza sahib çıxırıq. Elə bu günlərdə Azərbaycanda baş tutan Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən tədbirlər də xalqımızın ortaq mədəniyyətindən, türk xalqlarının ortaq dil mədəniyyətindən gələn hadisələrin bu gün standartlaşdırılmasıdır. Bu təşəbbüslə də Azərbaycan Prezidenti çıxış etmişdi – Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 12-ci zirvə görüşündə".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, fransızlar vaxtilə Avropada mövcud olan standartların universallaşması üçün belə bir konvensiya yaradıblar və bu, Azərbaycan üçün də çox vacibdir:

"Çünki iqtisadiyyatımızın inkişafı, sənayemizin inkişafı bu vahidlərdən istifadə zərurəti yaradır. Bu ideyanın standartlaşdırılması və gələcək nəslə miras qoyulması bir sıra məsələlərlə əlaqədardır. Birincisi, baş verən hadisə, ideyanın reallığa çevrilməsidir. İkincisi, bu reallığın gələcək strategiyaya çevrilməsi məsələsidir".

Deputat Azərbaycan Prezidentinin təbrik məktubundan sitat gətirərək qeyd edib ki, Türk dünyası ailəsi böyük sivilizasiya yaradıb:

"Əcdadımızın şəninə uyğun olaraq nüfuzlu geosiyasi proseslərdə Türk Dövlətləri Təşkilatı güc mərkəzlərindən biri olmaq yolundadır. Deməli biz tarixdə ideyadan reallığa qədəm qoymuşuq, Azərbaycanın yaratdığı imkanlar sayəsində və bu ideyalar əsasında da yeni gələcəyin siyasi standartlarını yaratmalıyq. Türkoloji Qurultayın 100 illik tədbirləri sadəcə bir hadisə üzərində məhdudlaşmamalıdır. Çünki Azərbaycan Prezidenti böyük uzaqgörənliklə bura bir siyasi sətir əlavə edir və mən düşünürəm ki, "Türk dünyası bizim ailəmizdir" fikrinin daha detallı və konstitusiya halına salınacaq tezisləri buradadır".

Onun sözlərinə görə, heç bir vasitə dil qədər xalqları, dövlətləri birləşdirmir və gələcəyi təyin etmir:

"Bu yaxınlarda Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradıldı və Birinci vitse-prezident Mehriban xanım bu şuraya sədr təyin edildi. Mənə elə gəlir ki, dilimizin rəqəmsallaşdırılması, dil bazasının yaradılması, yeni rəqəmsal platformada türk dillərinin hamısının ortaq ortoqrafik bazasının yaradılması məhz bu çağırış içərisində yer alan məsələlərdəndir. Nəticə etibarilə ortaq leksik yaddaşdan gəlib gələcəyin ortaq dilini qurmaq olar. Qoy bu da bizim standartımız olsun".

Hikmət Babaoğlu sonda vurğulayıb ki, yaradılan standartların gələcəkdə qlobal normaya çevrilməsi tamamilə mümkündür:

"Fransa timsalında görürük ki, yaradılan standart bu gün qlobal normaya çevrilir. Bizim də yaradacağımız bu dəyərlər üzərindəki yeni gələcəyin standartları da, kim bilir, bəlkə də elə qlobal normalar sisteminə çevrilə bilər".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ