Peskov: Putinlə Lukaşenko Ukrayna mövzusunu müzakirə edib

Kreml Ukrayna ilə bağlı aparılan danışıqların məxfiliyinin qorunmasının vacibliyini bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Onun sözlərinə görə, mövcud dialoq kanalları yalnız ictimaiyyətə açıqlanmadığı halda effektiv fəaliyyət göstərə bilər. O, həmçinin Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Valdayda keçirilən qeyri-rəsmi görüşün detalları barədə də məlumat verib.
Peskovun sözlərinə görə, Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib və iki il əvvəl Prezident Vladimir Putinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti qarşısında səsləndirdiyi prinsiplər qüvvədə qalır. "Bu mövqe həm Kiyev rejiminə, həm də ABŞ tərəfinin danışıqlar aparan nümayəndələrinə yaxşı məlumdur və ardıcıl şəkildə qorunur",–Kremlin sözçüsü bildirib.
O vurğulayıb ki, Ukrayna məsələsi üzrə fəaliyyət göstərən mövcud dialoq kanalları ictimaiyyətə açıqlanmamalıdır. "Bu kanalların işləməsi və nəticə verməsi üçün onlar kölgədə qalmalı, qeyri-ictimai xarakter daşımalıdır",– Peskov qeyd edib. Kremlin sözçüsü Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Valdayda keçirilən görüşə də toxunub.
Onun sözlərinə görə, görüş qeyri-rəsmi formatda Rusiya prezidentinin iqamətgahında baş tutduğu üçün rəsmi şəkildə işıqlandırılmayıb. Peskov bildirib ki, Ukrayna məsələsi cümə və şənbə günləri keçirilən müzakirələrin əsas mövzularından biri olub. Bununla yanaşı, o, Lukaşenkonun Ukrayna Prezidenti Volodimir Zelenskidən Putinə hər hansı mesaj çatdırmadığını da vurğulayıb.
Görüşün ikinci günündə Rusiyanın Baş naziri Mixail Mişustin də müzakirələrə qoşulub. Bu zaman əsas diqqət Rusiya ilə Belarus arasında ticarət, iqtisadi əməkdaşlıq və İttifaq Dövləti çərçivəsində həyata keçirilən birgə layihələrə yönəlib. Liderlər regional təhlükəsizlik, bəzi Avropa ölkələrinin yaratdığı gərginlik və Belarusa qarşı mümkün təxribat cəhdlərini də müzakirə ediblər. Peskov brifinqdə Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyat"a da toxunaraq bildirib ki, cəbhədəki vəziyyət Moskvanın qarşıya qoyduğu məqsədlərə doğru irəlilədiyini göstərir. Onun sözlərinə görə, Rusiya qoşunlarının müxtəlif istiqamətlərdə irəliləyişi bu məqsədlərə nail olunacağına inamı artırır.
Firuzə Əliyeva
