İran XİN İsraili və bu ölkələri sərt tənqid etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkəsinin milli təhlükəsizliyi və dövlət ləyaqətinin heç bir halda danışıq mövzusu ola bilməyəcəyini bəyan edib.
Sfera.az xəbər verir ki, Bəqai bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, İranın özünümüdafiə hüququ və bu hüququ həyata keçirmək üçün malik olduğu imkanlar heç bir tərəflə aparılan danışıqların predmeti ola bilməz.
"İranın milli təhlükəsizliyi və dövlət ləyaqəti nə alver mövzusu ola bilər, nə də hər hansı şərtlərə bağlana bilər. Ölkənin müdafiə hüququnu məhdudlaşdırmağa yönələn istənilən cəhd qəbuledilməzdir", – deyə o vurğulayıb.
Bəqainin sözlərinə görə, İranın hərbi potensialı ölkə xalqının xarici təcavüz və cinayətlərdən qanuni şəkildə müdafiə olunmasının təminatıdır və eyni zamanda regionda sülh və sabitliyin qorunmasına xidmət edir.
O əlavə edib ki, İran regional kollektiv təhlükəsizliyin təmin olunmasında digər bütün tərəflərdən daha çox maraqlıdır.
İran XİN sözçüsü həmçinin Fars körfəzi ölkələrinin bir qismini xarici qüvvələrlə əməkdaşlıq etməkdə ittiham edib. Onun fikrincə, bu cür əməkdaşlıq regionun sabitliyinə zərbə vurur.
Bəqai bəzi qonşu dövlətlərin İrana qarşı yönəlmiş addımları dəstəklədiyini, regionda hərbi xərclərin artmasına göz yumduğunu və İsrailin beynəlxalq nəzarətdən kənarda qalan nüvə potensialı ilə bağlı susduğunu da tənqid edib.
İnci
Sfera.az
