"Azərbaycan Ordusu dövlətimizin ən möhkəm təminatıdır"

"Azərbaycan Ordusu dövlətimizin ən möhkəm təminatıdır"
Kateqoriya məlum deyil
T

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın həyatında mühüm yer tutan əlamətdar günlərdən biridir.

Bu tarix Azərbaycan dövlətinin hərbi qüdrətini, milli təhlükəsizliyini və müstəqilliyinin təminatçısı olan Silahlı Qüvvələrimizin keçdiyi şərəfli inkişaf yolunu əks etdirir. Hər il böyük qürur hissi ilə qeyd olunan bu gün ordumuzun əldə etdiyi nailiyyətlərə verilən yüksək dəyərin ifadəsidir.


Azərbaycan milli ordusunun əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Hələ həmin dövrdə qəbul edilən qərarlar müstəqil dövlətin mövcudluğu üçün güclü ordunun vacibliyini göstərirdi. Sonrakı illərdə müxtəlif tarixi və siyasi hadisələr ordunun inkişafına təsir göstərsə də, Azərbaycan xalqı öz milli hərbi ənənələrini qoruyub saxlamışdır. Müstəqillik illərində Azərbaycan Ordusunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun 1969-cu ildən etibarən həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmış, azərbaycanlı gənclərin nüfuzlu hərbi təhsil müəssisələrində oxumasına geniş imkanlar açılmışdır. Bu addımlar gələcək milli ordu quruculuğu üçün möhkəm zəmin yaratmışdır.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin güclü və nizamlı orduya malik olmasının nə qədər vacib olduğunu göstərdi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlara başlanıldı. Pərakəndə silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi.
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Azərbaycan Ordusunun formalaşdırılması prosesi daha da sürətləndi. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, hərbi hissələr müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ardıcıl işlər görüldü.

Eyni zamanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə Hərbi Akademiya yaradıldı və hərbi məktəblərin fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Azərbaycan Ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. NATO ilə əməkdaşlıq proqramları çərçivəsində minlərlə hərbçi müxtəlif təlimlərdə iştirak etmiş, müasir hərbi idarəetmə və döyüş təcrübəsi qazanmışdır. Bütün bunlar Silahlı Qüvvələrimizin peşəkar və müasir orduya çevrilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır.

Ordumuz yüksək döyüş hazırlığına, güclü maddi-texniki bazaya və vətənpərvərlik ruhuna malikdir. Xalqla ordunun birliyi dövlətimizin qüdrətini daha da artırır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. Qazi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan əsgərinin Vətənə sevgisi, xalqına sədaqəti və döyüş ruhu hər zaman qələbələrin əsas mənbəyi olmuşdur. Biz döyüş meydanında bu gücün şahidi olduq. Bu gün Silahlı Qüvvələr Gününü qeyd edərkən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ordumuzun sıralarında xidmət edən bütün hərbi qulluqçulara uğurlar arzulayırıq. Güclü Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin və gələcək inkişafının ən möhkəm təminatıdır.

Qəzənfər Ağayev,
Vətən müharibəsi Qəhrəmanı, Abşeron rayon sakini


PAYLAŞ