İsrail və Livan tarixi razılaşmaya yaxınlaşır

İsrail və Livan tərəflər arasında nizamlanma prosesinin gələcək mərhələlərini müəyyən edəcək niyyət bəyannaməsini imzalamağa olduqca yaxındır.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Bəhreyndə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Livan və İsrail rəsmiləri arasında danışıqların üçüncü günüdür. Hesab edirəm ki, ötən gün kifayət qədər uğurlu keçdi. Biz iki ölkə arasında perspektivli gələcəyin konturlarını cızacaq niyyət bəyannaməsinin imzalanmasına çox yaxınıq. Təbii ki, bu, zaman və böyük əmək tələb edən bir proses olacaq", –deyə Rubio qeyd edib. Dövlət katibinin sözlərinə görə, son 30 ildə ilk dəfədir ki, Livan hökuməti İsrail hökuməti ilə birbaşa danışıqlar aparır.
Vaşinqton rəsmisi həmçinin əlavə edib ki, ABŞ monitorinq mexanizminin fəaliyyətini yenidən bərpa edib. Bu mexanizm çərçivəsində CENTCOM (ABŞ Mərkəzi Komandanlığı) yerlərdə baş verən insidentlərin araşdırılması üçün həm İsrail, həm də Livan hərbçiləri ilə birgə fəaliyyət göstərir.
Bəsti Rəfizadə
Sfera.az
