Rusiya-Qərb müharibəsi nə zaman başlayacaq? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Moskva ilə mümkün müharibəyə hazırlaşdıqlarını açıq şəkildə etiraf etdiklərini bildirib.
“Qərbdə açıq şəkildə bildirirlər ki, bizimlə müharibəyə hazırlaşırlar, hücum xarakterli hərbi xərcləri artırırlar. Bununla yanaşı, NATO və Avropa İttifaqı ölkələrinin rəhbərləri bu xərcləri və dövlətlərinin sürətli militarizasiyasını əsaslandırmaq üçün əvvəlki kimi Rusiyadan gələn guya hərbi təhlükə barədə həqiqətə uyğun olmayan bəyanatlardan istifadə edirlər”, – deyə Putin vurğulayıb.
Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurma ehtimalı bu mərhələdə nə qədər real görünür?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə əsasən, Putinin bu açıqlaması Moskva ilə Qərb arasındakı təhlükəsizlik dilemmasının nə qədər dərinləşdiyini göstərən növbəti siyasi mesajdır:

“Məlumdur ki, Rusiya tərəfi uzun müddətdir ki, NATO-nun genişlənməsini və Avropa ölkələrinin müdafiə xərclərini artırmasını öz təhlükəsizliyinə təhdid kimi təqdim edir. Qərb ölkələri isə bu addımları əsasən Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarından sonra yaranmış təhlükəsizlik mühitinə cavab kimi izah edirlər. Bu qarşılıqlı ittihamlar nəticəsində yaranan əsas problem ondan ibarətdir ki, tərəflər bir-birinin müdafiə addımlarını hücum hazırlığı kimi qəbul etməyə başlayırlar”.
Politoloq Rusiya ilə Qərb arasında birbaşa genişmiqyaslı hərbi qarşıdurma ehtimalımım hazırkı mərhələdə aşağı olduğunu qeyd edib:
“Lakin tam istisna olunmayan ssenari kimi qiymətləndirilə bilər. Bunun əsas səbəbi ondan ibarətdir ki, həm Rusiya, həm də NATO üzvləri belə qarşıdurmanın nəticələrinin son dərəcə ağır ola biləcəyini anlayırlar. Xüsusilə nüvə silahına malik tərəflər arasında birbaşa müharibə təkcə regional deyil, qlobal təhlükəsizlik üçün ciddi risk yarada bilər. Bu amil müəyyən mənada qarşılıqlı çəkindirmə mexanizmi yaradır. Bununla yanaşı, risklərin azalması o demək deyil ki, qarşıdurma təhlükəsi yoxdur. Əksinə, son illərdə Avropada hərbi hazırlıq səviyyəsinin artması, müdafiə büdcələrinin yüksəlməsi və NATO-nun şərq cinahında mövcudluğunun güclənməsi Rusiya baxımından yeni gərginliklər yaradır. Rusiya bunu öz sərhədləri yaxınlığında təzyiq kimi görür, NATO ölkələri isə bu addımları Rusiyanın mümkün təhdidlərinə qarşı qabaqlayıcı tədbir olaraq təqdim edirlər. Yəni başqa sözlə bir tərəfin müdafiə məqsədli addımı digər tərəf tərəfindən hücum hazırlığı kimi qəbul olunur.
Düşünürəm ki, indiki şərtlər daxilində birbaşa Rusiya-NATO müharibəsi real olmasa da dolayı qarşıdurmanın davam etməsi ehtimalı kifayət qədər yüksək olaraq qalır. Ukrayna müharibəsi bunun ən böyük nümunəsidir. Qərb ölkələri Ukraynaya maliyyə, texniki və hərbi dəstək verir, lakin NATO qüvvələrinin Rusiya ilə birbaşa döyüşə daxil olmasından yayınırlar. Moskva da NATO ölkələri ilə açıq müharibəyə girməkdən çəkinir, çünki belə bir qarşıdurmanın hərbi və siyasi nəticələri çox ağır ola bilər. Digər tərəfdən, ən böyük risklərdən biri yanlış hesablamalar və təsadüfi eskalasiyadır. Hərbi təlimlər, hava məkanında insidentlər, dənizdə qarşıdurmalar və ya sərhəd yaxınlığında baş verə biləcək hadisələr gərginliyi sürətlə artıra bilər”.
Bəsti Rəfizadə
