Tramp NATO baş katibi ilə Ağ Evdə qapalı görüş keçirəcək

ABŞ Prezidenti Donald Tramp iyunun 25-də Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə qapalı görüş keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə Amerika liderinin iş qrafikində qeyd olunub.
Gündəliyə əsasən, danışıqlar Vaşinqton vaxtı ilə saat 15:30-da başlayacaq. Əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə jurnalistlərin danışıqların başlanğıc hissəsində iştirakına icazə verilməyəcək və görüş tamamilə qapalı formatda keçiriləcək.
Məlumata görə, NATO-nun baş katibi iyul ayında keçiriləcək sammit öncəsi ABŞ-yə səfər edib. Məqsəd alyans daxilində yaranan transatlantik gərginliyin azaldılması istiqamətində məsləhətləşmələr aparmaqdır.
Trampla görüşdən əlavə, Rutte Vaşinqtonda ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə də bir sıra görüşlər keçirəcək. O, həmçinin videobağlantı vasitəsilə Polşa, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın daxil olduğu E5 ölkələrinin sammitinə qatılacaq.
Gözlənilir ki, tərəflər NATO daxilində əməkdaşlıq, təhlükəsizlik məsələləri və qarşıdakı sammitin gündəliyində duran əsas mövzuları müzakirə edəcəklər.
İnci
Sfera.az
