Trampdan sərt mesaj

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında Tehranın razılaşma şərtlərinə əməl etməməsi halında Vaşinqtonun sərt addımlar atacağını bildirib.
Sfera.az xəbər verir ki, Ağ Evdə keçirilən imzalanma mərasimində jurnalistlərin suallarını cavablandıran Tramp İranla prosesin müsbət istiqamətdə getdiyini qeyd edib və ABŞ-ın Hörmüz boğazı üzərində “tam nəzarətə” sahib olduğunu iddia edib:
“İran müqavilənin tələblərini yerinə yetirməsə və ya düzgün davranmasa, lazım olanı edəcəyəm”.
Tramp çıxışında İranın ABŞ-a qarşı real təsir gücünün olmadığını iddia edərək ölkənin ciddi itkilər verdiyini bildirib. Onun sözlərinə görə, İranın hərbi imkanları xeyli zəifləyib:
“Onların donanması, hava qüvvələri yoxa çıxıb, liderləri öldürülüb, iqtisadiyyatı çöküb”.
ABŞ Prezidenti həmçinin İranın raket, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin ciddi zərər gördüyünü də vurğulayıb.
O, Hörmüz boğazının açıq qaldığını və bundan sonra da açıq qalacağını qeyd edərək iki əsas nəticəni önə çəkib:
“Birincisi, Hörmüz boğazı açıqdır və açıq qalacaq. İkincisi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”.
Tramp dəniz blokadasının hava hücumlarından daha təsirli olduğunu düşündüyünü bildirib və lazım gələrsə, oxşar addımların qısa müddətdə yenidən tətbiq edilə biləcəyini istisna etməyib.
“Bizə hörmət etdikləri müddətcə problem olmayacaq. Əks halda vəziyyət dəyişə bilər,” – deyə o əlavə edib.
Sonda Tramp özünü “problem həll edən” kimi təqdim edərək, ABŞ administrasiyasının regionda güclü mövqeyə sahib olduğunu və diplomatik proseslərin davam etdiyini bildirib.
Mənsumə
