Putin: "Onlar bizimlə müharibəyə hazırlaşır"

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Moskva ilə mümkün müharibəyə hazırlaşdıqlarını açıq şəkildə etiraf etdiklərini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Putin RİA Novosti-yə açıqlamasında danışıb.
Rusiya liderinin sözlərinə görə, Qərb dövlətləri hərbi büdcələrini artırır və bunu guya Rusiyadan gələn təhlükə ilə əsaslandırmağa çalışırlar.
“Qərbdə açıq şəkildə bildirirlər ki, bizimlə müharibəyə hazırlaşırlar, hücum xarakterli hərbi xərcləri artırırlar. Bununla yanaşı, NATO və Avropa İttifaqı ölkələrinin rəhbərləri bu xərcləri və dövlətlərinin sürətli militarizasiyasını əsaslandırmaq üçün əvvəlki kimi Rusiyadan gələn guya hərbi təhlükə barədə həqiqətə uyğun olmayan bəyanatlardan istifadə edirlər”, – deyə Putin vurğulayıb.
O qeyd edib ki, əvvəllər Şimali Atlantika Alyansına üzv ölkələr yalnız Ukrayna rəhbərliyinə dəstək verməklə kifayətlənirdilər, lakin indi artıq Moskva ilə mümkün qarşıdurmaya hazırlaşdıqları barədə açıq bəyanatlar səsləndirirlər.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ölkəsinin hərbi planlaşdırma zamanı Almaniyadan qaynaqlanan təhdidləri nəzərə aldığını bildirmişdi.
İnci
Sfera.az
