Əlaçı kimi məktəb bitirənlər niyə az bal yığıb?- AÇIQLAMA

Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb.
Bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
Məlumata görə, onlardan 481-i 100-200, 32 nəfəri isə 0-100 bal aralığı nəticə qazanıb.
Eyni zamanda qeyd edilib ki, orta attestat balı "3" olan 1 nəfər isə 500-700 bal aralığında nəticə qazanıb.
Maraqlıdır, məktəblərdə yazılan qiymətlərlə əldə olunan imtahan balları arasındakı fərq qeyri-obyektivliyin göstəricisidir?
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlama verib. O, bu statistikanı qiymətləndirmə böhranı adlandırıb:

“Dövlət İmtahan Mərkəzinin açıqladığı bu rəqəmlər sadəcə riyazi göstəricilər deyil, məktəblərimizin daxili qiymətləndirmə tərəzisinin, belə desək, "xarab" olduğunu rəsmi şəkildə göstərir. Əlaçı kimi 513 nəfər şagirdin qəbul imtahanında fundamental bilik həddini belə keçə bilməməsi, 0-200 arası bal toplaması, ölkədə formalaşmış qiymət xatirinə qiymət təfəkkürünün, təəssüf ki, acı nəticəsidir. Məktəblərdə şagirdin real biliyi, analitik bacarıqları, tənqidi təfəkkürü deyil, sadəcə kağız üzərindəki əlaçı statusu qorunmağa çalışılır. Çox vaxt məktəb rəhbərliyi ilə valideynlər arasında bir növ "sakitlik sazişi" icra olunur: şagird intizamlı olsun, valideyn narazılıq etməsin, nəticədə də jurnala beşlər düzülsün. Yəni bu mərkəzləşdirilmiş standart imtahanlar bu subyektiv yanaşmanı, bu formal münasibətləri qəbul etmədiyi üçün bütün reallıqları çılpaqlığı ilə ortaya qoyur”.
Ekspert həm də məktəbdaxili summativ qiymətləndirmə mexanizmlərinə toxunaraq KSQ və BSQ-lərin formal xarakter daşıdığını, köçürmə hallarına göz yumulduğunu, qiymətlərin şagirdin real səviyyəsinə görə yox, gözəyarı yazıldığın bildirib:
“Bir tərəfdən də baxsaq görərik ki, orta attestat balı cəmi 3 olan bir şagirdin 500 baldan yüksək nəticə göstərməsi mövcud sistemin fərqli fərdlərə qarşı necə ədalətsiz yanaşdığını ortaya qoyur. Standart idarəetmə, eyni şablonlu dərslər bəzən potensialı çox yüksək olan, fərqli düşünən şagirdlərə reallıqda “bu, biliyin yoxdur” deyə damğa vuraraq onları kənara qoyur. Bu, acı bir problemdir. Həmin şagird də məktəb mühitindən ümidini kəsir, repetitor yanında və yaxud fərdi şəkildə hazırlaşır, öz real intellektual gücünü ortaya qoyur. Bu da məktəbin şagird potensialını vaxtında kəşf edib düzgün yönləndirə bilməməsinə gətirib çıxarır. Təbii ki, burada başqa bir məqam da ola bilər: şagird məktəbə normal şəkildə gəlməsin, məktəb dərslərini lazımi səviyyədə oxumasın və sırf repetitor yanında hazırlaşsın. Bu da istənilən halda məktəb qiymətlərinə təsir edə bilər. Yəni bir yanaşmanı sərgiləyəndə digər yanaşmanı da mütləq şəkildə qeyd etməliyik. Amma bu, ümumilikdə götürsək, bizim təhsil sistemimiz üçün ciddi bir həyəcan təbilidir. Məktəb bitirən bir əlaçı anlayışı sadəcə sinif otaqlarında, dörd divar arasında olmamalıdır. O, rəqabətli və obyektiv mühitdə də özünü doğrultmalıdır. Əgər biz qiymətləndirmə fəlsəfəmizi kökündən dəyişdirə bilməsək, jurnaldakı rəqəmləri mütləqləşdirməkdən əl çəkməsək, orta məktəblərimizin verdiyi attestatların nə çəkisi, nə də cəmiyyət qarşısında nüfuzu qalacaq. Təəssüf ki, bu nüfuz ildən-ilə itməyə davam edəcək”.
Bəsti Rəfizadə
Sfera.az
