Netanyahu ABŞ- İran sülhünə mane olacaq? - ŞƏRH

İsveçrədə ABŞ və İranın yüksəksəviyyəli rəsmiləri arasında keçirilən danışıqların ilk raundu başa çatıb.
İran xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə etdiyi paylaşımda ölkəsinin neft və neft-kimya ixracı üçün sanksiyalardan azad olma icazəsi aldığını, bəzi dondurulmuş aktivlərin sərbəst buraxılmasına və İran üçün yenidənqurma və inkişaf planının işə salınmasına nail olduqlarını bildirib. Ağ Ev isə yüksəksəviyyəli danışıqların hələlik yekunlaşıb-yekunlaşmadığı barədə verilən suallara dərhal şərh verməyib.
Danışıqların davam etdiyi vaxtda İsrail tərəfindən də sərt reaksiya gəlib. Belə ki, Netanyahu bildirib ki, öz qərarlarından dönməyəcəklər: "Siyasi hadisələrdən asılı olmayaraq, Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyəm. Baş nazir olduğum müddətdə bu baş verməyəcək", - deyə Netanyahu qeyd edib.
Netanyahunun bu çıxışı ABŞ ilə İran arasında əldə olunan kövrək razılaşmaya təsir edə bilərmi?
Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, İsveçrədə keçirilən ABŞ -İran danışıqların nəticəsini müəyyən edəcək iki əsas məqam var:

“Birincisi, Tramp adminstarsiyası mövcud dövlətlərin bölünərək yeni dövlətlərin yaranmasına müsbət yanaşmır. İranın bölünəcəyi halda yaşanacaq proseslər Vaşinqton və Pekini narahat edir. Ona görə də hazırkı rejimlə əməkdaşlıq yollarının tapılmasına cəhd edilir. İkincisi, ABŞ və eləcə də Çin nüvə silahının yayılmasında maraqlı deyil. Ona görə də İranı nüvə silahından imtinaya sövq edirlər. Bu vəziyyət İsrailin maraqlarına uyğundur. Belə bir vəziyyətdə İran nüvə silahı əldə etməyə can atacağı halda İsrailin müdaxiləsi üçün imkan yaradır. Digər tərəfdən hətta ABŞ və ya Çin istəməsə belə İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. İsrail mövcudluğu dövründə bir neçə dəfə ABŞ-dən fərqli mövqe nümayiş etdirib, fərqli siyasət yürüdüb. Əgər, İran nüvə proqramından imtina etməsə, İsrail buna imkan verməyəcək”.
Məsələ ilə bağlı açılama verən politoloq Rəşad Bayramov isə bildirib ki, Netanyahunun bəyanatının ABŞ və İran arasında formalaşan razılaşmanı dərhal pozacağını söyləmək düzgün olmaz:

“İlk növbədə ona görə ki, ABŞ administrasiyası regional müttəfiqlərinin narahatlıqlarını nəzərə alsa da, İranla bağlı qərarlarını əsasən öz strateji maraqları əsasında verir. Vaşinqton üçün hazırkı mərhələdə əsas prioritetlərdən biri regionda genişmiqyaslı qarşıdurmanın qarşısını almaq, enerji bazarlarındakı riskləri azaltmaq və İranın nüvə fəaliyyətini müəyyən çərçivələr daxilində nəzarətdə saxlamaqdır. Bu baxımdan, İsrailin etirazları danışıqlar prosesinə əlavə təzyiq yaratsa da, onun tamamilə dayandırılmasına səbəb olmaya bilər. Amma əgər İsrail tərəfi bəyanatlardan o yana keçərək əldə olunan razılşamaları tanımaqdan imtina etsə, Livan istiqamətində hücumlarını dayandırmasa o zaman danışıqların dalana dirənmə ehtimalı var. Çünki, İran Anlaşma memorandumuna məhz İsrailin livan istiqamətində hücumlarının dayandırılması şərti ilə imza atıb və bunu memorandumun müddəalarına salıb. Amma istənilən halda Netanyahunun bu səpkili bəayantı danışıqların növbəti mərhələlərini daha mürəkkəb edə bilər”.
Ekspert ötən gün yaşanan proseslərdə danışıqların az qala pozulacağını xatırladıb:
“Dünən ABŞ Prezidenti Trampın İrana yönəlik təhdidləri fonunda danışqların az qala pozula biləcəyini gördük. Odur ki, indi də İsrailin mümkün hərbi addımları və ya sərt ritorikası İran daxilində kompromisə qarşı çıxan qüvvələrin mövqeyini gücləndirə bilər. Bu isə tərəflər arasında etimadın formalaşmasını çətinləşdirərək yeni razılaşmaların əldə olunmasını ləngidə bilər. Belə bir şəraitdə İsrailin Baş naziri Benyamin Netanyahunun sərt bəyanatı diqqət çəkicidir. Netanyahu açıq şəkildə bildirib ki, siyasi proseslərdən və diplomatik danışıqların nəticələrindən asılı olmayaraq, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Bu mövqe İsrailin uzun illərdir dəyişməyən təhlükəsizlik strategiyasının davamıdır deyə bilərik və bu strategiya təkcə İsrailin yox, həm də ABŞ-nin təhlükəsizlik stratejiyasıdır. Tel-Əviv İranın nüvə proqramını təkcə regional deyil, həm də milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir və buna görə də Vaşinqtonla Tehran arasında əldə olunan hər hansı razılaşmaya ehtiyatla yanaşır. Ümumilikdə isə, Netanyahunun bəyanatı ABŞ-İran yaxınlaşmasına ciddi siyasi fon yaradır və prosesə əlavə risklər gətirir. Lakin hazırkı mərhələdə bu çıxışın danışıqları tamamilə iflasa uğradacağını söyləmək üçün əsaslar kifayət deyil”.
Bəsti Rəfizadə
