İraq əsilli deputata deyilən sözlər Avropa Parlamentini qarışdırdı

Avropa Parlamentinin "Avropanı Yenilə" (Renew Europe) fraksiyasının rəhbəri Valeri Aye iraq əsilli isveçli deputat Abir əl-Sahlaniyə ünvanlanan irqçi xarakterli şərhlərə görə iki deputatın cəzalandırılmasını tələb edib.
Sfera.az bildirir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Valeri Aye Avropa Parlamentinin sədri Roberta Metsolaya göndərdiyi məktubda bildirib ki, bu cür davranışların cəzasız qalması narahatlıq doğurur.
"Əgər bu hərəkətlərə reaksiya verilməsə, cəzasızlıq hissinin kök salacağından getdikcə daha çox narahat oluram",– deyə o qeyd edib.
Qalmaqal miqrantların deportasiyası ilə bağlı qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi fonunda baş verib. Debatlardan sonra Abir əl-Sahlani Avropa Parlamentində özünü heç vaxt bu qədər təhlükədə hiss etmədiyini bildirib.
Onun bu açıqlamasını Avropa Mühafizəkarları və İslahatçıları (ECR) qrupunun finlandiyalı deputatı Sebastian Tünkkünen paylaşaraq "bir az da ağla" sözlərini yazıb. Danimarkalı deputat Kristoffer Storm isə ona "evinə qayıtmağı" tövsiyə edib.
Abir əl-Sahlani sonuncu şərhin irqi ayrı-seçkiliyin təzahürü olduğunu bildirib. Valeri Aye isə Roberta Metsolaya ünvanladığı məktubda məsələyə tədbir görülməyəcəyi təqdirdə fraksiyanın məhkəməyə müraciət edə biləcəyinə işarə edib.
Kristoffer Storm ittihamları rədd edib. O bildirib ki, "evinə qayıt" ifadəsi irqçi məna daşımayıb.
"Mən siyasi həmkarlarımın məni irqçi adlandırmasına dözməyəcəyəm və bu cür böhtan xarakterli bəyanatlara çox ciddi yanaşıram. "Evə qayıt" ifadəsi o mənada işlədilib ki, əgər demokratik qərar və ona verilən reaksiya onu bu qədər narahat edibsə, zalı tərk edib düşünməsi daha yaxşı olardı",– deyə deputat "Politico"ya açıqlamasında bildirib.
İnci
Sfera.az
