KİV: Tramp Avropa liderləri ilə İran və Ukrayna üzrə razılaşma əldə edib

ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə İran və Ukrayna məsələləri ətrafında qeyri-rəsmi razılaşma əldə etdiyi iddia olunub.
Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının diplomatlarına istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, sözügedən razılaşma Fransada keçirilən G7 sammiti çərçivəsində baş tutub. Bildirilir ki, “Böyük yeddilik” ölkələrinin liderləri Yaxın Şərq və Ukrayna məsələlərində Trampla fikir ayrılığı yaşanacağını gözləsələr də, müzakirələr fərqli məcrada davam edib.
Nəşrin yazdığına görə, Tramp G7 liderlərini İranla bağlı nüvə sazişinə dəstək verməyə çağırıb. O, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cenevrəyə səfəri və Tehranla atəşkəs razılaşmasının yekunlaşdırılması ərəfəsində Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə yardım göstərilməsini təklif edib.
Məlumatda qeyd olunur ki, ABŞ prezidenti qapalı görüşlər zamanı İranla bağlı nüvə razılaşmasına həm siyasi, həm də maddi dəstək qazanmağa çalışıb.
“Politico”nun iddiasına əsasən, Trampın təşəbbüsü Ukraynaya dəstək məsələsi ilə də əlaqələndirilib və tərəflər arasında müəyyən qarşılıqlı öhdəliklər müzakirə olunub.
Əzizə
Sfera.az
