Britaniyalı diplomat: Avropa Rusiya ilə danışıqlara getməlidir

Avropa Ukraynada davam edən müharibəyə Rusiya ilə sülh danışıqları yolu ilə son qoymalıdır.
Sfera.az xəbər verir ki, bu barədə britaniyalı diplomat İan Proud “Judging Freedom” YouTube kanalında çıxışı zamanı bildirib.
Proud qeyd edib ki, Qərb liderlərinin Ukrayna ilə bağlı diplomatik təşəbbüsləri heç vaxt Rusiya ilə birbaşa danışıqları nəzərdə tutmur:
“Avropa liderləri hər dəfə hansısa diplomatik təşəbbüs irəli sürəndə bu, Rusiya ilə danışıqları əhatə etmir. Avropalılar aktivləşməli, danışıqlar aparmalı və bu münaqişəyə son qoymalıdırlar.”
Diplomatın sözlərinə görə, Avropa hazırkı mövqeyini dəyişmək istəmir və özünü hələ də qalib tərəf kimi görür. O əlavə edib ki, Rusiyanı daim tənqid etmək və Avropa liderlərinin Ukrayna prezidenti Volodymyr Zelenskyy ilə davamlı görüşləri heç bir nəticə verməyəcək.
Bu arada Rusiya prezidenti Vladimir Putin də bildirib ki, Avropa İttifaqı Ukrayna məsələsi üzrə danışıqlar aparacaq tərəfi özü müəyyən etməlidir. Onun sözlərinə görə, Avropa hələlik belə bir nümayəndə təqdim etməyib və Moskva bu şəxslə görüşüb-görüşməmək barədə qərarı özü verəcək.
İnci
Sfera.az
