ABŞ-İran danışıqları üçün proseslər başladı - Yekun sülh olacaqmı?

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 4 ədəd C-17 hərbi nəqliyyat təyyarəsi yaxın günlərdə Cenevrədə İranla mümkün sazişin imzalanması mərasimində iştirak edəcək vitse-prezident Ceyms Devid Vens üçün lazım olan avadanlıqları daşıyıb.
Məlumata görə, daha 5 belə təyyarə ABŞ Məxfi Xidmətinin, Ağ Evin Hərbi Ofisinin və Hərbi Hava Qüvvələrinin ehtimal olunan fəaliyyəti üçün zəruri avadanlıqları Prezident Donald Trampın Cenevrə yaxınlığında keçiriləcək G7 Sammitində mümkün iştirakı məqsədilə şəhərin beynəlxalq hava limanına çatdırıb.
Fəallıq Tehran və Vaşinqton arasında ilkin razılaşmanın əldə olunması ilə bağlı ehtimalların artdığı vaxtda qeydə alınıb. Bəs bu danışıqlar sülhün təminatçısı ola biləcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun fikrincə, tarixi təcrübələr göstərib ki, ABŞ və İran arasında əldə olunan razılaşmaların taleyi təkcə sənədin məzmunundan deyil, həm də tərəflərin siyasi iradəsindən və regional reallıqlardan asılı olur:

“Məsələn, 2015-ci ildə imzalanmış nüvə sazişi ilk mərhələdə diplomatik uğur kimi təqdim olunsa da, sonrakı illərdə tərəflər arasında etimadsızlığın dərinləşməsi və ABŞ-nin sazişdən çıxması həmin mexanizmin dayanıqlılığını ciddi şəkildə zəiflətdi. Bu baxımdan, yeni razılaşmanın əvvəlki səhvlərdən nəticə çıxarıb-çıxarmayacağı mühüm əhəmiyyət daşıyır. Bununla belə sazişin imzalanması və İranın nüvə proqramı ətrafında gərginliyin azaldılması regionda hərbi qarşıdurma riskini aşağı sala, enerji bazarlarında sabitliyi gücləndirə və diplomatik kanalların yenidən açılmasına şərait yarada bilər ki, bu da olduqca əhəmiyyətlidir. Xüsusilə də Hörmüz boğazında gərginlik, Livan istiqamətində qarşıdurmanın yeni mərhələyə keçməsi, Qırmızı dəniz və Fars körfəzi ətrafında təhlükəsizlik risklərinin artması fonunda diplomatik razılaşma müəyyən nəfəsdərmə effekti yarada bilər”.
Politoloq sazişin avtomatik olaraq sülh təminatına çevriləcəyini iddia etməyin olduqca çətin olduğunu vurğulayıb:
“Çünki Yaxın Şərqdəki böhranların əsas səbəbləri yalnız nüvə proqramı ilə məhdudlaşmır. Regionda geosiyasi rəqabət və böyük güclərin maraqlar toqquşması kimi amillər qalmaqda davam edir. İranın regional siyasəti ilə bağlı narahatlıqlar da bir çox ölkələrin gündəmində qalır. Bu səbəbdən nüvə məsələsində əldə olunacaq razılaşma daha çox gərginliyin müəyyən istiqamətdə idarə olunmasına xidmət edə bilər, nəinki bütün regional problemlərin həllinə. Digər mühüm məqam isə sazişin siyasi davamlılığıdır. ABŞ-də administrasiyaların dəyişməsi xarici siyasət kursuna birbaşa təsir göstərir. Əgər yeni razılaşma yalnız mövcud siyasi rəhbərliklərin iradəsinə söykənərsə, gələcəkdə yenidən risk altına düşə bilər. Buna görə də sənədin beynəlxalq təminatlar və geniş diplomatik dəstək mexanizmləri ilə müşayiət olunması vacibdir. Ümumilikdə isə Cenevrədə mümkün ABŞ-İran sazişi sülhə aparan yolda mühüm diplomatik addım sayıla bilər. Bu razılaşma regional gərginliyi azaltmaq üçün yeni imkanlar yarada bilər”.
Bəsti Rəfizadə
Sfera.az
