Rusiya Ermənistanda hakimiyyəti dəyişə biləcək? - Paşinyanın mesajları faydasızdır...

Rusiyanın Ermənistandan idxal olunan bir sıra məhsullara məhdudiyyət tətbiq etməsi Moskva-İrəvan münasibətlərində yeni gərginlik müzakirələrini gündəmə gətirib.
Son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin normallaşmasına dair müsbət mesajlar verməsinə baxmayaraq, Kremlin sərt ritorikası səngimir. Eyni zamanda, bəzi ekspertlər Rusiyanın Ermənistanda özünə yaxın siyasi qüvvələri, o cümlədən keçmiş prezident Robert Köçəryanı yenidən hakimiyyətə gətirmək niyyətində olduğu barədə fikirlər səsləndirirlər.
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Rusiyanın Ermənistan məhsullarının ölkəyə girişinə müxtəlif texniki və fitosanitar əsaslarla məhdudiyyətlər tətbiq etməsi təkcə iqtisadi deyil, həm də siyasi məna daşıyır.

Onun sözlərinə görə, Moskva bu addımla İrəvana Ermənistan iqtisadiyyatında Rusiya bazarının hələ də mühüm rol oynadığını və geosiyasi seçimlərin iqtisadi nəticələrinin ola biləcəyini xatırlatmağa çalışır:
“Bu məhdudiyyətlər Ermənistan üçün müəyyən iqtisadi çətinliklər yarada bilər. Lakin son illərdə Paşinyan hökuməti ixrac bazarlarını və marşrutlarını şaxələndirmək istiqamətində addımlar atır. Avropa İttifaqı, Yaxın Şərq və digər istiqamətlərlə əməkdaşlığın genişləndirilməsi Ermənistanın Rusiyadan asılılığını azaltmağa yönəlib. Buna görə də iqtisadi təzyiq müəyyən problemlər yaratsa da, təkbaşına hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər güclü amil kimi görünmür”.
Politoloq hesab edir ki, Rusiyanın keçmiş prezident Robert Köçəryanı yenidən hakimiyyətə gətirmək istəyi ilə bağlı səslənən iddialar daha çox Ermənistan daxilindəki siyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
“Rusiya Ermənistanda öz maraqlarına daha yaxın siyasi qüvvələrin güclənməsini arzulaya bilər. Ancaq son nəticədə hakimiyyətin taleyini seçkilər və Ermənistan cəmiyyətinin mövqeyi müəyyənləşdirəcək. Xarici təsir imkanları olsa da, daxili siyasi dinamika həlledici rol oynayır”,– o vurğulayıb.
Z.Qarayeva qeyd edib ki, Paşinyanın son dövrlərdə Moskva ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş açıqlamaları İrəvanın tam qarşıdurma xəttindən uzaq durmağa çalışdığını göstərir. Bununla belə, Kremlin sərt bəyanatlarının davam etməsi Rusiyanın Paşinyan hökumətinə etimadının tam bərpa olunmadığını nümayiş etdirir.
Politoloqun fikrincə, Moskva Ermənistanın xarici siyasət kursuna təsir imkanlarını qorumağa çalışır və iqtisadi rıçaqlar da bu siyasətin əsas alətlərindən biri olaraq qalır. Buna baxmayaraq, mövcud şəraitdə yalnız iqtisadi təzyiq vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq real görünmür.
Firuzə Əliyeva
Sfera.az
