Avropa Rusiyaya görə 3 trilyon avro itirib

Avropa ölkələri Rusiyadan enerji alışını azaltmaq və ya tam dayandırmaq qərarı nəticəsində təxminən 3 trilyon avro itki ilə üzləşib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələri Rusiya enerji resurslarından imtina etməyin iqtisadi nəticələrini artıq hiss etməyə başlayıblar.
“Almaniya və digər Avropa ölkələri görürlər ki, Rusiyadan enerji alışından imtina etmələri səbəbindən təxminən 3 trilyon avro itiriblər. Bu siyasət onların iqtisadiyyatlarını faktiki olaraq çöküş həddinə yaxınlaşdırır”,– Dmitriyev vurğulayıb.
RDIF rəhbəri forum çərçivəsində Rusiyayla əməkdaşlığın bərpasını dəstəkləyən Avropa siyasətçiləri ilə də görüşlərin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tədbir çərçivəsində Almaniyanın ifrat sağçı siyasi qüvvələrindən biri olan Alternative für Deutschland (AfD) partiyasının nümayəndələrinin iştirakı ilə panel müzakirəsi təşkil ediləcək.
Dmitriyev qeyd edib ki, AfD partiyası “Şimal Axını” qaz kəmərlərinin fəaliyyətinin bərpasını və Rusiya ilə tərəfdaşlıq münasibətlərinin yenidən qurulmasını dəstəkləyir. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ mənbələrə yönəlib. Bununla yanaşı, Moskva enerji sahəsində tətbiq edilən məhdudiyyətlərin Avropa iqtisadiyyatına ciddi zərər vurduğunu iddia edir. Bu rəqəmlər isə müstəqil beynəlxalq qurumlar tərəfindən təsdiqlənməyib.
Firuzə Əliyeva
Sfera.az
