“Avropada dostlarımız çoxdur, amma qərəzli dairələr də var” – Millət vəkili

Son illər TAP kəməri vasitəsilə Avropaya 57 milyard kubmetrdən çox qaz nəql edilib.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, Avropada Azərbaycanın dostları da az deyil:
"Ölkəmizə olan son yüksək səviyyəli səfərlər bunu bir daha təsdiq edir. Amma qitənin enerji təhlükəsizliyində xüsusi paya malik olan, son illər TAP kəməri vasitəsilə Avropaya 57 milyard kubmetrdən çox qaz nəql edən Azərbaycana qarşı bir sıra dairələrin qərəzli və ikili standartlara əsaslanan yanaşması, təəssüf ki, bitmək bilmir. Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik müşahidə olunur. Bu yaxınlarda Avropa Parlamentində müzakirəyə çıxarılmış "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir. Yəni Qərbdə bəzi dairələr hər imkanda Azərbaycana qarşı qərəzlərini nümayiş etdirməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan idmanda, siyasətdə və iqtisadiyyatda da güclənir, öz inkişaf yolunu müəyyənləşdirir".
Firuzə Əliyeva
Sfera.az
