Ştaynmayer İranı müdafiə etdi: “Bu, beynəlxalq hüquqa ziddir”

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını tənqid edərək, bunu beynəlxalq hüququn pozulması adlandırıb.
Sfera.az-ın məlumatına görə, O, Almaniya Xarici İşlər Nazirliyinin bərpasının 75-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib ki, beynəlxalq hüququn pozulmasına düzgün qiymət verilməlidir:
“Beynəlxalq hüququn pozulmasını belə adlandırmasaq, xarici siyasətimiz inandırıcı olmaz”.
Prezident qeyd edib ki, bu müharibənin beynəlxalq hüquqa zidd olması şübhə doğurmur. Bununla da o, məsələni indiyədək açıq şəkildə hüquqi baxımdan qiymətləndirməyən Almaniya hökumətindən fərqli mövqe nümayiş etdirib. Kansler Fridrix Merts isə yalnız vəziyyətin Almaniya üçün çətin seçim yaratdığını vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, o cümlədən Tehran və digər iri şəhərlər zərbələrə məruz qalıb. Ağ Ev hücumları İranın raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsraildəki hədəflərə cavab zərbələri endirdiyini açıqlayıb. Bundan əlavə, regionda ABŞ hədəflərinin yerləşdiyi Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında da gərginliyin artdığı bildirilib.
Niyaz Hacıyev
Sfera.az
