ABŞ NATO-dan çıxır? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını nəzərdən keçirdiklərini açıqlayıb. O bildirib ki, ABŞ digər ölkələrə yardım edir, lakin eyni münasibəti görmədikdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır.
ABŞ lideri qeyd edib ki, bu qərarın qəbulu üçün Konqresin razılığına ehtiyac yoxdur və belə bir addımı təkbaşına ata bilər.
Maraqlıdır, Tramp NATO-dan doğrudan çıxmaq istəyir, yoxsa bu addım NATO dövlətlərindən dəstək almaq üçün bir üsuldur? Həmçinin, ABŞ NATO-dan çıxarsa, bu nələrə təsir edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Trampın NATO ilə bağlı bu cür sərt bəyanatları daha çox siyasi təzyiq və alver aləti kimi qiymətləndirilir, nəinki real və dərhal çıxış planı kimi. Onun sözlərinə görə, ABŞ tarixən NATO-nun əsas dayağı olub və bu struktur Vaşinqton üçün yalnız təhlükəsizlik deyil, həm də qlobal təsir mexanizmidir:

“Tramp xüsusilə Avropa ölkələrinin müdafiə xərclərini artırmaması və ABŞ-dən asılılığı fonunda bu mövzunu gündəmə gətirərək müttəfiqləri daha çox məsuliyyət götürməyə məcbur etmək istəyir. Bu baxımdan onun ritorikası daha çox “təzyiq vasitəsi” kimi oxunmalıdır”.
Politoloq qeyd edib ki, bununla belə, ABŞ-nin NATO-dan çıxması nəzəri olaraq çox ciddi geosiyasi nəticələr doğura bilər:
“Bu, alyansın zəifləməsi, Avropanın təhlükəsizlik arxitekturasında boşluq yaranması və Rusiyanın təsir imkanlarının artması ilə nəticələnə bilər. Eyni zamanda, transatlantik münasibətlərdə ciddi çatlar yarana və Avropa ölkələri alternativ təhlükəsizlik modelləri axtarmağa başlaya bilər. Lakin real praktikada belə bir addım həm hüquqi, həm də siyasi baxımdan son dərəcə mürəkkəbdir və qısa müddətdə baş vermə ehtimalı aşağı qiymətləndirilir”.
Qeyd edək ki, ABŞ 4 aprel 1949-cu ildə NATO yaradılarkən təşkilata qoşulub və həmin gündən bəri üzvdür.
Firuzə Əliyeva
Sfera.az
