"Tramp buna görə təzyiqlərə məruz qalır" - ŞƏRH

Vaşinqton administrasiyasının müttəfiqlərindən konkret hərbi və ya operativ addımlar deyil, daha çox siyasi və diplomatik xarakterli bəyanatlar gözləməsi diqqət çəkir. Bu yanaşma, bir tərəfdən gərginliyi dərhal artırmamaq, digər tərəfdən isə beynəlxalq dəstəyi nümayiş etdirmək məqsədi daşıya bilər.
ABŞ-nin Hörmüz boğazı ilə bağlı müttəfiqlərdən gözlədiyi bu bəyanatlar konkret olaraq hansı məzmunu əhatə edə bilər? Bu açıqlamalar əsasən gəmiçiliyin təhlükəsizliyinə dəstək, beynəlxalq hüququn qorunması və regionda sabitliyin vacibliyi kimi prinsiplərlə məhdudlaşacaq, yoxsa gələcəkdə real təhlükəsizlik addımlarına zəmin yaradan daha ciddi öhdəliklər də ehtiva edə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, əslində ABŞ administrasiyası müttəfiqlərdən siyasi dəstək istəyir:

“Çünki Hörmüz boğazında təhlükəsizlik məsələsi ilə bağlı ABŞ özü də təminat verə bilər. Burada əsasən siyasi dəstəyə ehtiyac duyur. ABŞ İranda müharibənin uzanacağından doğan problemlər ehtimalı ilə tələsik addımlar atır. Müttəfiqləri məsuliyyəti bölüşməyə çağırır və eyni zamanda real dəstəyinə ümid edir. Hörmüz boğazında gəmiçiliyin bərpası elə siyasi dəstək deməkdir. Amma əslində hələ buna ehtiyac yoxdur”.
Politoloq əlavə edib ki, əslində ABŞ hazırda təzyiqlərə məruz qalır:
“Xaricdən və daxildən Tramp administrasiyasına basqılar var. Onu İsrailin təhrikinə uyub lazımsız müharibə aparmaqda təqsirləndirirlər. Belə bir vəziyyətdə Tramp özünün gələcək siyasi taleyi üçün də narahatdır və bu kimi bəyanatlar bu səbəbdən doğur”.
Niyaz Hacıyev
Sfera.az
