"Qlobal enerji təhlükəsizliyinə ciddi zərbə vurula bilər"

Son dövrlərdə Yaxın Şərq regionunda artan hərbi-siyasi gərginlik beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə İran, İsrail və ABŞ arasında qarşıdurma riskinin yüksəlməsi enerji bazarlarında qeyri-müəyyənliyi artırır.
Dünyanın əsas neft və qaz ehtiyatlarının mühüm hissəsinin bu bölgədə cəmləşməsi, həmçinin strateji nəqliyyat marşrutlarının, o cümlədən Hörmüz boğazı kimi keçidlərin əhəmiyyəti bu gərginliyin qlobal təsirini daha da gücləndirir.
Yaxın Şərqdə mümkün genişmiqyaslı münaqişə qlobal enerji təhlükəsizliyinə nə dərəcədə ciddi zərbə vura bilər və bu proses dünya iqtisadiyyatında hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Elman Vəliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən münaqişələr, xüsusilə ABŞ-İsrail-İran qarşıdurması, qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır:

“Dünyada ixrac olunan neftin böyük hissəsi Hörmüz boğazı vasitəsilə daşındığı üçün bu strateji marşrutun hər hansı səbəbdən bağlanması və ya tranzitin məhdudlaşması qlobal neft təchizatında azalmaya və qiymətlərin kəskin yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda, münaqişə investorlar və enerji şirkətləri üçün qeyri-müəyyənliyi artıraraq bazarlarda spekulyativ qiymət artımlarına yol açır. Bu isə yalnız enerji sektoruna deyil, eyni zamanda dünya iqtisadiyyatının digər sahələrinə də təsir göstərir, idxal və ixrac əməliyyatlarını çətinləşdirir, inflyasiya riskini artırır və qlobal bazarlarda maliyyə sabitliyini poza bilər”.
Politoloq qeyd edib ki, bununla yanaşı, Yaxın Şərqdəki münaqişələr yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır, həm də qlobal geosiyasi mənzərəyə təsir göstərir:
“Enerji asılılığı olan ölkələr arasında diplomatik və iqtisadi gərginlik arta bilər, alternativ marşrut və ehtiyatların istifadəsi isə əlavə maliyyə xərclərinə səbəb olur. Bu cür regional qarşıdurmalar dünya bazarları üçün həssasdır və qlobal enerji təhlükəsizliyinə ciddi zərbələr vura bilər”.
Niyaz Hacıyev
Sfera.az
