Avropa ölkələri İrana yardım edəcək? - ŞƏRH

Avropa ölkələri İrana yardım edəcək? - ŞƏRH
Kateqoriya məlum deyil
T

İsmayıl Bəqayi bildirib ki, İran Avropa ölkələrini Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən mümkün təcavüzə qoşulmamağa çağırır. Yaxın Şərqdə artan gərginlik, xüsusilə İran ətrafında baş verən proseslər beynəlxalq münasibətlər sistemində yeni suallar doğurur.

 

Bölgədə mümkün hərbi qarşıdurma ehtimalları fonunda böyük güclərin mövqeyi diqqət mərkəzindədir. Bu kontekstdə İranın Avropa ölkələrinə ünvanladığı çağırış regiondakı balansın necə formalaşacağı baxımından əhəmiyyətli hesab olunur.

 

Bəs Avropa ölkələri bu çağırışa necə cavab verə bilər? Onlar ABŞ ilə müttəfiqliyi əsas götürərək mümkün addımlara qoşulacaq, yoxsa daha çox diplomatik və bitərəf mövqe nümayiş etdirməyə üstünlük verəcəklər?

 

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İranın Avropa ölkələrinə çağırışları və bu çağırışlara verilən reaksiyalar müxtəlifdir:

 

 

“Ümumilikdə Avropa ölkələrinin mövqeyi fərqlidir və daha çox ehtiyatlı yanaşma ilə xarakterizə olunur. Bəzi ölkələr var ki, onlar ABŞ və İsrailə müəyyən formalarda dəstəyini nümayiş etdirir. Həmin ölkələr İranı regionda gərginliyin əsas mənbəyi kimi qiymətləndirirlər. Eyni zamanda, İranın Rusiya ilə Ukrayna müharibəsində əməkdaşlığı və nüvə proqramı səbəbilə onu birbaşa təhlükə kimi görürlər. Bu qrupa əsasən Baltik ölkələri, eləcə də Çexiya və digər Şərqi Avropa dövlətləri daxildir. Onlar ABŞ-nin təzyiq siyasətini dəstəkləyir və açıq şəkildə bu mövqedə dayanırlar. Almaniya isə bir qədər fərqli yanaşma nümayiş etdirir. Berlin İsrailin təhlükəsizliyini prioritet hesab etsə də, birbaşa hərbi münaqişəyə qoşulmaqdan çəkinir. Bunun əvəzinə, Almaniya ABŞ və İsrail tandemini daha çox siyasi və iqtisadi baxımdan dəstəkləyir”.

 

Siyasi şərhçi vurğulayıb ki, digər Avropa ölkələri isə daha çox neytral və ya vasitəçi mövqe tutmağa çalışırlar:

 

“Onlar İranla müəyyən məsələlərdə dialoqa açıq olsalar da, münaqişənin öz ərazilərinə yayılmasından ehtiyat edirlər. Xüsusilə Aralıq dənizi və Körfəz bölgəsində ticarət və enerji yollarının təhlükəsizliyi onlar üçün mühüm əhəmiyyət daşıyır. Bu ölkələr müharibəyə birbaşa qoşulmaq istəmirlər, çünki bu, yeni enerji böhranına səbəb ola bilər. Ona görə də iqtisadi və siyasi baxımdan Qərb blokuna yaxın olsalar da, daha çox balanslı və ehtiyatlı siyasət yürütməyə üstünlük verirlər. Az bir qisim ölkələr isə ABŞ və İsrailin İrandakı hərəkətlərini təndiq edir, heç bir formada qoşulmaq fikrində olmadığını vurğulayırlar”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ