Avropa İttifaqı ilə Rusiya arasında birbaşa müharibə olacaq? - PROQNOZ

Yaxın Şərqdə davam edən münaqişələr və qlobal geosiyasi gərginliklər beynəlxalq münasibətlər sistemində yeni risklərin yaranmasına səbəb olur.
Regionlarda baş verən hərbi qarşıdurmalar yalnız yerli təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, eyni zamanda böyük güclər arasında münasibətlərə də təsir göstərir. Bu fonda Avropada təhlükəsizlik məsələləri yenidən gündəmə gəlir və bəzi siyasi liderlərin açıqlamaları mümkün risklərlə bağlı müzakirələri artırır.
Viktor Orban bildirib ki, Avropa İttifaqı liderləri Rusiya ilə müharibəyə hazırlaşır və Ukraynada hərbi əməliyyatları davam etdirmək niyyətindədirlər. Onun sözlərinə görə, Macarıstan bu prosesdə iştirak etməyəcək və bugünkü qeyri-sabit və təhlükəli dünyada sülh və təhlükəsizlik adası olaraq qalacaq.
Bəs görəsən, Yaxın Şərqdə münaqişələrin davam etdiyi və qlobal siyasi gərginliyin artdığı bir vaxtda, Avropa İttifaqı ilə Rusiya arasında birbaşa müharibə ehtimalı varmı?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, məlumdur ki, müharibənin davam etdiyi bir şəraitdə Avropa dövlətləri Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyini artırır, Rusiyaya qarşı sanksiyalar tətbiq edir və öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirirlər:

“Bu kontekstdə bəzi Avropa liderləri müdafiə xərclərinin artırılması və orduların gücləndirilməsi kimi addımlar atırlar. Lakin bu addımların əsas məqsədi birbaşa müharibəyə hazırlaşmaqdan daha çox, Rusiyanın mümkün təhdidlərini çəkindirmək və Avropanın təhlükəsizlik sistemini möhkəmləndirməkdir. Bu müzakirələr fonunda Viktor Orban kimi bəzi Avropa liderlərinin fərqli mövqe nümayiş etdirməsi də müşahidə olunur. Orban açıq şəkildə Avropa ölkələrinin müharibə ritorikasını tənqid edərək ölkəsinin bu cür proseslərdə iştirak etməyəcəyini və Macarıstanın sülh tərəfdarı mövqe tutacağını bildirib. Onun sözlərinə görə, Macarıstan bugünkü qeyri-sabit və təhlükəli beynəlxalq şəraitdə “sülh və təhlükəsizlik adası” kimi qalmağa çalışır. Bu mövqe Macarıstanın Avropa daxilində daha ehtiyatlı və balanslı xarici siyasət yürütmək istədiyini göstərir”.
Politoloq qeyd edib ki, digər tərəfdən, Avropa təhlükəsizlik sistemində mühüm rol oynayan NATO faktoru birbaşa Avropa-Rusiya müharibəsinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə azaldır:
“NATO-nun kollektiv müdafiə prinsipi və alyansın hərbi gücü potensial genişmiqyaslı münaqişənin qlobal nəticələr doğura biləcəyini göstərir. Bu səbəbdən həm Avropa ölkələri, həm də Rusiya birbaşa qarşıdurmadan mümkün qədər qaçmağa çalışır. Çünki belə bir müharibə yalnız regional deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi risklər yarada bilər. Bununla yanaşı, beynəlxalq təhlükəsizlik mühiti təkcə Avropa ilə məhdudlaşmır. Yaxın Şərqdə davam edən münaqişələr də qlobal geosiyasi vəziyyəti daha mürəkkəb edir. İran ətrafındakı mövcud gərginlik beynəlxalq sistemdə paralel böhranların yaranmasına səbəb olur. Bu kimi münaqişələr böyük güclərin diqqətini müxtəlif regionlara yönəldir və qlobal təhlükəsizlik mühitini daha da qeyri-sabit edir. Düşünürəm ki, hazırkı mərhələdə Avropa İttifaqı ilə Rusiya arasında birbaşa genişmiqyaslı müharibə ehtimalı olduqca aşağıdır. Bunun əsas səbəbləri tərəflərin qarşılıqlı itkilərdən çəkinməsi, nüvə silahı faktoru və qlobal iqtisadi sistemin ciddi zərər görə biləcəyi riskidir. Bununla belə, Ukraynada müharibənin uzanması, sərhəd bölgələrində mümkün insidentlər və ya siyasi səhv hesablamalar regionda gərginliyi artıra bilər. Bu isə birbaşa müharibə olmasa belə, Avropa ilə Rusiya arasında qarşıdurmanın daha da dərinləşməsi riskini saxlayır”.
Niyaz Hacıyev
Sfera.az
