İran ağır zərbə endirməyə hazırlaşır? - "Hansı hədəf düşünülübsə..."

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyat tezliklə başa çata bilər.
Onun sözlərinə görə, İslam Respublikasında demək olar ki, hədəf alınacaq obyekt qalmayıb. Tramp qeyd edib ki, əməliyyat ABŞ-nin istədiyi vaxtda yekunlaşacaq:
“Müharibə yaxşı gedir. Biz qrafikdən xeyli irəlidəyik. Hətta əvvəlcə planlaşdırılan altı həftəlik müddətdə belə gözlədiyimizdən daha çox ziyan vurmuşuq”.
Bu bəyanat İranı daha ağır və ya daha sərt cavab zərbələrinə sövq edə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, ABŞ və İsrail İranı çox intensiv şəkildə bombalayırlar:

“Minlərlə hədəflər vurulub və bir çox hökumət binaları, hərbi obyektlər, bazalar, silah anbarları və s. dağıdılıb. Hətta mülki obyektlər belə sıradan çıxarılıb. Neft saxlanılan yerlər, logistika obyektləri və s. darmadağın edilib. Yəni, əgər bunu uğur saymaq olarsa, əlbəttə, Amerika çoxlu uğurlar qazanıb. İran tərəfi isə ballistik raketlərlə və dronlarla onlara cavab verir.
Ümumiyyətlə, İranın hava məkanı bu gün Amerika-İsrail aviasiyasının nəzarətindədir. İranın əraziləri isə – quru ərazilər, şəhərlər, küçələr isə İran hakimiyyətinin nəzarətindədir. Və İran tərəfi asimmetrik savaş aparır, öz raketləriylə, dronlarıyla Amerika bazalarına, İsrail ərazilərinə o da ağır zərbələr, sarsıdıcı zərbələr vurur, böyük dağıdıcı gücə malik olan silahlardan istifadə edir”.
Politoloq İran tərəfinin bunu müəyyən bir qrafik və bəlli bir alqoritm üzrə etdiyini qeyd edib:
“Ona görə də, Amerikanın, məncə, daha çox əraziləri dağıtması burada İranın o qrafikini pozmur. Çünki onlar elə bir ardıcıllıqla, elə bir həcmdə cavab verirlər ki, yəqin ki, resursları qurtarmasın, silahları qurtarmasın və daha uzun müddətə onlar savaş apara bilsinlər. Yəni İranın bu resursu tez qurtararsa, artıq göyə hakim olan Amerika yerə də hakim ola bilər. Görünür, bu olmasın deyə, onlar müəyyən bir ritmə uyğun olaraq əks zərbələr endirirlər və yəqin ki, bu hələ bir müddət də davam edəcək. Hətta indi Amerika savaşı dayandırsa belə, İranın savaşı dayandırmaq istəməməsi ilə bağlı bəyanatlar da var. Ona görə də mən düşünürəm ki, bu mənada İran tərəfi yəqin ki, təxribata getmir. Sadəcə olaraq hansı hədəfləri nəzərdə tutubsa, hansı intensivliklə raketlərdən istifadə etməni planlaşdırıbsa, ona uyğun da hərəkət edəcəklər”.
Fidan Hacızadə
Sfera.az
