Avropa nə üçün İranla müharibənin davam etməsini istəyir? - AÇIQLAMA

Avropa ölkələri Ukraynaya hərbi əməliyyatları daha bir müddət davam etdirməyi təklif edib. Məlumata görə, Kiyevə hərbi əməliyyatları daha bir il yarımdan iki ilə qədər davam etdirməyi və bu müddət ərzində Ukraynaya maliyyə dəstəyi göstərmək təklif olunub.
Məlumata əsasən, Avropa ölkələri Ukrayna rəhbərliyinə “daha bir müddət mübarizə aparın, sizə maliyyə verəcəyik” mesajını çatdırıb.
Maraqlıdır, Avropa ölkələrinin bu yanaşmasının arxasında hansı strateji məqsədlər dayanır? Niyə Avropa müharibənin daha bir müddət davam etməsini istəyir və bu prosesdən hansı siyasi və təhlükəsizlik dividendləri əldə etməyə çalışır?
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İran-İsrail və ABŞ arasında müharibə alovlanandan sonra Rusiya-Ukrayna cəbhəsində nisbətən hərbi əməliyyatların səngiməsi, yəni yavaşlaması hər iki tərəfdən müşahidə olunur:

“Əsas münaqişə bölgələri Şərqi Donetsk və Luqansk əraziləridir. Burada da görünən odur ki, Ukrayna qüvvələri Rusiya tərəfindən tutulmuş Şərqi Donetsk və Luqansk ərazilərindəki strateji məkanları yenidən geri qaytarmaq istəyir. Digər tərəfdən də, İran-İsrail və ABŞ qarşıdurması fonunda Ukrayna tərəfi Avropa İttifaqı tərəfinə pilotsuz uçuş aparatlarının istifadəsi ilə əlaqədar hərbi kontingentini, yəni mütəxəssislərini artıq göndərib. Bununla əlaqədar, Avropa İttifaqı ilə Ukraynanın münasibətlərini ikitərəfli münasibətlər kimi qeyd etmək olar. Bundan əvvəl, Avropa İttifaqı Ukraynaya həm maliyyə yardımı edir, həm də hərbi-texniki yardım göstərirdi. Ancaq İran-İsrail və ABŞ müharibəsi fonunda artıq bu münasibətlər ikitərəfli xarakter alıb. Yəni Ukrayna da Avropa İttifaqına daxil olan dövlətlərə öz yardımını təklif edir”.
Ekspert Ukrayna-Rusiya müharibəsinin Avropanın maraqlarına uyğun olduğunu qeyd edib:
“Əlbəttə ki, Ukrayna-Rusiya müharibəsində Avropa İttifaqına sərf edən məqam ondan ibarətdir ki, bu müharibə davamlı olsun. Çünki Avropa İttifaqına və NATO-ya daxil olan Avropa dövlətləri belə hesab edirlər ki, əgər bu müharibədə Rusiya tərəfi qələbə çalarsa, onun növbəti hədəfi Avropa İttifaqına daxil olan dövlətlər və yaxud Avropa dövlətləri, NATO üzvü olan ölkələr ola bilər. Baxmayaraq ki, bununla əlaqədar Rusiya tərəfi dəfələrlə bəyanat verib ki, onların həmin dövlətlərə hücum etmək niyyətləri yoxdur. Ancaq bugünkü gündə də və əvvəllər də Rusiya tərəfindən həmin dövlətlərə, ələlxüsus Ukrayna ilə sərhəddə yerləşən Avropa ölkələrinə pilotsuz uçuş aparatları vasitəsilə müəyyən təhdidlər davam edir. Hətta Avropa İttifaqı pilotsuz uçuş aparatlarından müdafiə ilə əlaqədar Avropa dövlətləri tərəfindən müəyyən bir kontingentin yaradılması ilə bağlı qərar da verib. Əlbəttə ki, Avropa İttifaqı tərəfindən edilən bu yardım, ələlxüsus da 90 milyard avroluq yardım bu gün Ukrayna üçün hava və su kimi lazımdır. Amma Macarıstanın Baş naziri cənab Orban bəyanat verib ki, onlar heç vaxt qoymayacaq ki, bu yardım Ukraynaya çatdırılsın. Buna səbəb “Dostluq” neft kəməri ilə əlaqədar Ukrayna ilə Slovakiya və Macarıstan arasında böyük bir konfliktin olmasıdır. Ancaq görünən odur ki, Avropa İttifaqının komissarları belə bir bəyanatla çıxış etdilər ki, onların artıq B variantı var. Bu variant Slovakiyanın və Macarıstanın narazılığına baxmayaraq, yardımların Ukraynaya çatdırılmasını təmin edəcək. Ona görə də ehtimal olunur ki, bu müharibə hələ bir il yarım, iki il müddətində davam edə bilər. O vaxta qədər ki, tərəflər müəyyən bir X nöqtəsinə, yəni razılıq mərhələsinə gəlib çıxsınlar”.
Bəsti Rəfizadə
Sfera.az
