İranın yeni ali lideri ABŞ-lə danışıqlara gedəcək? - AÇIQLAMA

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran ABŞ ilə növbəti danışıqların aparılmasını məqsədəuyğun hesab etmir. Nazir qeyd edib ki, Tehranla Vaşinqton arasında yeni təmas və danışıqlar məsələsinin gündəmdə olması ehtimalı azdır.
Əraqçinin sözlərinə görə, İranın ABŞ ilə münasibətlərdə çox acı təcrübəsi var.
İranın yeni ali lideri Müctəba Xamenei ABŞ ilə münasibətlərin tənzimlənməsi yolunda addımlar ata bilərmi?
Sözügedən məsələ ilə bağl Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov deyib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə yeni danışıqların gündəmdə olmadığını bildirməsi Tehran-Vaşinqton münasibətlərində yaranmış dərin etimadsızlığın nə qədər ciddi olduğunu bir daha göstərir:

"Nazir “acı təcrübə” ifadəsi ilə ilk növbədə İranın Qərblə apardığı əvvəlki danışıqları, xüsusilə də nüvə sazişi ətrafında baş verənləri nəzərdə tutur. İran siyasi elitasının mühüm hissəsi hesab edir ki, ABŞ ilə əldə edilən razılaşmalar uzunmüddətli və etibarlı mexanizmə çevrilmir. Bu səbəbdən rəsmi Tehran hazırkı şəraitdə yeni danışıqların real nəticə verəcəyinə inam nümayiş etdirmir. Bu mövqe xüsusilə regionda davam edən müharibə və son hadisələrin fonunda daha aydın başa düşülür”. R.Bayramovun sözlərinə əsasən, mövcud vəziyyəti nəzərə alanda İranın yeni ali lideri Müctəba Xameneinin ABŞ ilə münasibətləri tənzimləmək istiqamətində yaxın perspektivdə addımlar atması olduqca çətin görünür: “Bunun bir neçə ciddi siyasi və psixoloji səbəbi var. İlk növbədə, İranın yeni liderinin hakimiyyətə gəlməsi son dərəcə dramatik və faciəli hadisələrin fonunda baş verib. ABŞ və İsrailin həyata keçirdiyi hərbi zərbələr nəticəsində əvvəlki ali lider Əli Xamenei və onun ailə üzvləri, yəni hazırki liderin atası, anası, yaxınları, ailə üzvləri öldürülüb və məhz bu hadisədən sonra Müctəba Xamenei ölkənin ali rəhbəri seçilib. Belə bir şəraitdə hakimiyyətə gələn liderin dərhal Vaşinqtonla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atması həm siyasi, həm də psixoloji baxımdan faktiki olaraq mümkünsüz görünür”.
Politoloq qeyd edib ki, digər tərəfdən, İranın siyasi sistemi də bu istiqamətdə sürətli dönüşə imkan vermir:
“Ölkənin strateji kursu təkcə ali liderin şəxsi qərarları ilə müəyyənləşmir. İnqilab Keşikçiləri Korpusu, dini-siyasi elita və təhlükəsizlik strukturları xarici siyasət kursunun formalaşmasında mühüm rol oynayır. ABŞ və İsrailin birbaşa hərbi əməliyyatları nəticəsində ölkənin ali rəhbərinin və o cümlədən də güc strukturlarının rəhbərlərinin öldürülməsi isə bu strukturlar daxilində anti-Qərb mövqelərini daha da gücləndirib. Bu baxımdan rəsmi Tehran yeni danışıqlar ideyasına ehtiyatla yanaşır və hazırkı mərhələdə bunu gündəmdən kənar saxlayır. Müctəba Xameneinin siyasi mövqeyi də bu yanaşmanı gücləndirir. O, İranın təhlükəsizlik strukturları və xüsusilə İnqilab Keşikçiləri ilə sıx əlaqələri olan fiqur kimi tanınır.
Bu dairələr isə ABŞ və İsrailə qarşı daha sərt xəttin tərəfdarı kimi çıxış edirlər. Belə bir siyasi mühitdə yeni ali liderin əsas prioriteti diplomatik yaxınlaşma deyil, daha çox ölkənin təhlükəsizliyini təmin etmək və regional qarşıdurmada İranın mövqelərini gücləndirmək olacaq. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, Müctəba Xameneinin hakimiyyətinin ilk mərhələsində ABŞ ilə münasibətlərin normallaşdırılması real görünmür. Əksinə, mövcud geosiyasi şərait və şəxsi faktorlar Tehran-Vaşinqton münasibətlərində gərginliyin müəyyən müddət davam edəcəyini göstərir. Atası və ailə üzvləri ABŞ və İsrail hücumları nəticəsində həyatını itirmiş bir liderin qısa müddətdə Vaşinqtonla dialoqa başlaması yalnız siyasi baxımdan deyil, həm də ictimai rəy baxımından son dərəcə çətin, hətta demək olar ki, qeyri-mümkün görünür”.
Fidan Hacızadə
Sfera.az
